Simeonedən Kloppa cavab

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Liverpul"un çalışdırıcısı Yurgen Kloppun onun komandası ilə bağlı tənqidinə münasibət bildirib.

Sportline.az xəbər verir ki, alman mütəxəssis Çempionlar Liqasının 1/8 finalında Madrid klubuna uduzaraq turnirdə mübarizəni dayandırdıqları cavab matçından (2:3) sonra rəqibin oyun üslubunu tənqid etmişdi. O, "Atletiko"nun çox müdafiə olunduğunu demişdi.

Simeone isə Kloppun fikirlərinə cavab olaraq deyib: "Futbol boks kimidir, nə vaxt hücum edəcəyinizi bilməlisiniz. Biz hansı üstünlüklərimizin olduğunu bilirik. Məsələn, möhtəşəm komanda olan "Liverpul"la oynadığımız zaman onlar üçün problem yarada biləcəyimizi başa düşürdük.

Nə qədər şanslı olduğumuzdan danışırlar. Hesabda 0:2 geridə olan və sonra 3 qol vuran komandanı düşünürəm. Bu, heç də şans deyil. Matçlar bütövlükdə qiymətləndirilməlidir".