Snuker üzrə dünya çempionatı yekunlaşmaq üzrədir

Böyük Britaniyada snuker üzrə dünya çempionatı sona yaxınlaşmaq üzrədir. Yarışın finalçıları artıq məlumdur.

Sportline.az xəbər verir ki, İngiltərənin Şeffild şəhərində keçirilən dünya çempionatında 144 iştirakçı bacarığını nümayiş etdirib. Onlardan da 122-i peşakar, 22-i isə həvəskar snukerçi olub.

 

Ümümi mükafat fondu 2 milyon funt-sterlinqdən çox olan yarışda finalçılar məlumdur. Yarışın əsas favoritlərindən şotlandiyalı Con Hiqqins əvvəlcə avstraliyalı Nil Robertsonu məğlub edərək yarımfinala yüksəlib. 4 qat dünya çempionu olan Hiqqins finala gedən yolda ingiltərəli Devid Hilbertlə üz-üzə gəlib. Xatırladaq ki,  Hilbert 1/8 finalda turnirin son qalibi uelsi Mark Uilyamsı mübarizədən kənarlaşdırıb.

İlk yarımfinal görüşü Con Hiqqinsin qələbəsilə yekunlaşıb. O,  Hilbertə 17-16 hesabı ilə qalib gələrək həlledici  görüşə vəsiqə qazanıb. Hiqqinsin finaldakı rəqibi  ingiltərəli Jad Trapp olacaq. Qeyd edək ki,  Trapp digər yarımfinal qarşılaşmasında həmyerlisi Qari Uilsondan üstün olub. 17-11.