Son 5 güləşçimiz AÇ-də mübarizəyə qatılır
Romada keçirilən güləş üzrə Avropa çempionatının 6-cı yarış günündə son 5 çəki dərəcəsində mübarizə olacaq.
Sportline.az xəbər verir ki, bu gün sərbəst güləşçilər 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq çəkilərdə qüvvələrini sınayacaqlar. Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq.
Mübarizəyə 1/4 finaldan başlayacaq İntiqam Vəzirzadənin (61 kq) ilk rəqibi Hamza Alaca (Türkiyə) olacaq.
74 kq-da Hacımurad Hacıyev təsnifat mərhələsində Polşa təmsilçisi Patrik Kriştof Olenjinlə üz-üzə gələcək.
Abubakar Abakarov (86 kq) da mübarizəyə təsnifat mərhələsindən qoşulacaq. O, növbəti mərhələyə adlamaq üçün İvars Samusonoksu (Latviya) mübarizədən kənarlaşdırmağa çalışacaq.
Aslanbek Alborov (92 kq) təsnifat mərhələsində macarıstanlı Bendequz Totla münasibətlərinə aydınlıq gətirəcək.
Cəmaləddin Məhəmmədovun (125 kq) ilkin mərhələdəki rəqibi isə bosniya və herseqovinalı Elhad Hukiç olacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Milli tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Yığma 116 xal toplayaraq komanda hesabında Rusiyadan (128) sonra ikinci olub.
Qadın güləşçilərdən Elis Manolova (65 kq) gümüş, Tatyana Omelçenko (62 kq) isə bürünc medal qazanıb. Azərbaycan yığması bu növdə 65 xalla 7-ci yeri tutub.
Sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (70 kq) bu gün Polşa təmsilçisi Maqomedmurad Hacıyevlə qızıl medal görüşünə çıxacaq. Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc medal uğrunda qarşılaşmada müvafiq olaraq Maksim Sakultan (Moldova) / İsmayıl Musukayev (Macarıstan) və Batuhan Demircin (Türkiyə) / Axşarbek Qulayev (Slovakiya) cütünün qalibləri ilə üz-üzə gələcəklər. Nurməhəmməd Hacıyev (97 kq) isə təsəlliverici görüşdə Məhəmmədhacı Nurov (Makedoniya) / İbrahim Bölükbaşı (Türkiyə) cütünün qalibi ilə qüvvəsini sınayacaq.
61 kq
1/4 final. İntiqam Vəzirzadə - Hamza Alaca (Türkiyə)
74 kq
Təsnifat. Hacımurad Hacıyev - Patrik Kriştof Olenjin (Polşa)
86 kq
Təsnifat. Abubakar Abakarov - İvars Samusonoks (Latviya)
92 kq
Təsnifat: Aslanbek Alborov - Bendequz Tot (Macarıstan)
125 kq
Təsnifat: Camaləddin Məhəmmədov - Elhad Hukiç (Bosniya və Herseqovina)