Svanadze: "Futbolda bu cür hallar olur"
"Ümumilikdə, futbolçulardan razı qaldım. Hər komanda məzmunlu futbol sərgilədi. Təəssüf ki, son dəqiqələrdə qol buraxıb, 2 xaldan məhrum olduq. Futbolda bu cür hallar olur. Növbəti oyuna hazırlaşacağıq".
SportLine.az-ın futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 16-cı turunda "Sumqayıt"la oyundan (2:2) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- İki fərqli hissə izlədik. İlk yarıda hücumlarınız uğurlu alınmırdı. Fasilədən sonra isə komandanız aktivləşdi. Bunu rəqibin yorğunluğu, yoxsa Slavik Alxasovun döyüşə atılması ilə əlaqələndirirsiniz?
- Fasilədə uşaqlara artıra biləcəklərini dedim. Tempi ikinci hissədə artırdıq. Slavik də oyuna yaxşı qoşuldu.
- "Sumqayıt" 6-cı oyundu ki, məğlub olmur. Təcrübəli mütəxəssis kimi, bunu nəylə əlaqələndirərsiniz?
- Məşqçi əli ilə. Futbolçuları sonadək mübarizə aparır. Bu vəhdət də faydasını verir.
- Ağabala Ramazanovun gedişindən sonra cinahdakı aktivlik azalıb. Bu da Rauf Əliyev üçün boş zonaların yaranmasında problem yaradır. Forvardınızı "öz boşqabına" qaytarmaq üçün hənsısa təblər var?
- Fikrinizlə ancaq qismən razılaşıram. Çünki Əliyev qış fasiləsindən sonrakı 2 oyunda 2 qola imza atıb. Əlbəttə, səhvlər olur. Ancaq Rauf bütün oyunlarda döyüşür.