Tanınmış şahmatçı ABŞ vətəndaşı oldu
2012-ci ildən ABŞ-ı təmsil edən tanınmış şahmatçı Uesli So rəsmən bu ölkənin vətəndaşı olub.
Sportline.az "new.uschess.org" saytına istinadən xəbər verir ki, Filippin əsilli qrossmeyster fevralın 26-da qeydiyyata alınıb.
So daha yaxşı gələcək üçün bu addımı atdığını bildirib: "Amma bu, o demək deyil ki, mən Filippini sevmirəm. Orada yaxşı xatirələrim var. Mən şəhərdə yox, əyalətdə doğulmuşam. Pulum yox idi. Daha irəli getmək istəyirdim və bunu edə biləcək yalnız bir ölkə var idi: ABŞ".
Qeyd edək ki, 28 yaşlı Uesli So ötən ay dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsinin qalibi olub. O, yarımfinalda Azərbaycan şahmatçısı Teymur Rəcəbovu mübarizədən kənarlaşdırıb.