Teymur Rəcəbov: "İndi baş verən hər şey şahmat üçün xəcalət və rüsvayçılıqdır"

Teymur Rəcəbov iddiaçılar turnirinin imatina etməsindən və yarışın yarımçıq dayandırılması barədə chess-news.ru-ya açıqlama verib.

Sportline.az xəbər verir ki, 33 yaşlı qrossmeyster turnirdən imtina etməsi barədə bunları deyib:

"FIDE rəhbəri Arkadi Dvorkoviç ilk cavab məktubunda mənə turnirin ləğv olunmasının həm hüquqi, həm də praktiki cəhətdən mümkünsüz olduğunu bildirdi. Bundan əlavə, mənə FIDE-nin Rusiya hakimiyyətinin tapşırıqlarına əməl etdiyini yazırdılar. Amma tezliklə Rusiya idman naziri müsahibələrinin birində dedi ki, əgər beynəlxalq federasiyalar Rusiya ərazisindəki turnirləri təxirə salmaq istəsə, bu barədə bizə məlumat verməlidir və bundan sonra qərar verməlidir. Mənə isə tam əksini deyirdilər.

Əgər digər oyunçuları da mənim mövqeyimi bölüşməyə çağırsaydım, bu addım turnirə əngəl olmaq kimi qəbul olunardı. Mənə elə gəldi ki, turniri keçirənlərlə birbaşa danışmaq daha düzdür. Beynəlxalq Şahmat Federasiyası vəziyyətin təhlükəli olmadığını düşündü. Həmin vaxt davam edən başqa turnirlər əsas gətirildi. Amma iddiaçılar turniri ilə digər yarışlar arasında fərq onda idi ki, onlar artıq davam edirdi. Bizim turnir isə hələ başlamalı idi. Bunun üçün isə konkret qərar qəbul edilməli idi. Mən bilmirəm bunu kim və necə qəbul edib.

Martın 16-da Rusiyanın idman nazirliyinin sərəncamı çıxdı ki, ölkə ərazisində istənilən beynəlxalq yarışın keçirilməsi qadağandır. Açılış mərasimi zamanı bu xəbər çıxdığı üçün turniri mütləq dayandırmalı idilər. Ancaq FIDE yarışı təxirə salmadı. Çünki yarış ayın 16-da deyil, 15-də başlayıb. Bunu hansı sözlərlə şərh edim, bilmirəm. Hesab edirəm ki, FIDE məni turnirə qaytarmalıdır. Bu, ədalətli olacaq.

 

Özümdən asılı olanları etmişəm. Onlardan xahiş etmişəm, xəbərdarlıq etmişəm, mövqeyimi şahmat ictimaiyyətinə çatdırmışam… Dvorkoviçə digər idman yarışlarının ləğv olunduğunu yazmışam Kifayət qədər informasiya var idi ki, nə baş verdiyini anlayaq. Onlardan heç bir cavab olmadı və görün, vəziyyət necə alındı.

Çox məyusam. Başa düşmürəm, bütün bu qarışıqlığı yaratmaq nəyə lazım idi. Ətrafda milyardlıq dövriyyəsi olan tədbirlər ləğv olunursa, bir şahmat turnirini təxirə salmaq çox asan idi. Buna şübhə yoxdur. Bir neçə aydan sonra oynamaq olardı.

İndi vəziyyət elədir ki, 9 iştirakçı ilə oynamaq lazımdır. Başqa çıxış yolu görmürəm. Öncə onlar turniri başlamaqla yanlış qərar qəbul etdi. İndi də bir kəlmə üzr istəmirlər. Sanki hər şey normaldır. Üzrxahlıq – təkcə mənə deyil, bütün şahmat ictimaiyyətinə olmalıdır. Çünki indi baş verən hər şey şahmat üçün xəcalət və rüsvayçılıqdır”.