Tokio-2020: Olimpiyaçılarımızın peyvəndləmə prosesinə başlanıldı

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların və bütövlükdə olimpiadaya qatılacaq heyət üzvlərinin COVİD-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanıb.

Sportline.az xəbər verir ki, ilk peyvənd vitse-prezident Çingiz Hüseynzadəyə vurulub.

Peyvəndləmə prosesinə koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar, Olimpiya heyəti üzvləri cəlb olunub. Ç.Hüseynzadə bildirib ki, vaksin vurulmasına əks reaksiyası olmayan, olimpiya komandasının bütün üzvləri peyvəndləməyə cəlb olunacaq. Hazırda təlim-məşq toplanışlarında olan komanda üzvləri də mərhələli şəkildə Oyunlara qədər peyvənd olunacaqlar. İştirakçı ölkələrdə başlanan peyvəndlənmə prosesi Tokio-2020-nin sağlamlıq üçün təhlükəsiz şəraitdə keçməsinə zəmin yaradacaq.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Atletlər kəndində məskunlaşacağını, Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizinin Oyunlar başlayana qədər vaksinasiya olunacağını bildirib.

Olimpiadanın 23 iyul - 8 avqustda, paralimpiadanın 24 avqust - 5 sentyabrda keçirilməsi planlaşdrılıb.