TRT Spor şərhçisindən Türkiyə millisi barədə açıqlama - ÖZƏL

Xəbər verdiyimiz kimi bu gün Türkiyə millisi Avropa çempionatının qrup mərhələsi çərçivəsində Bakıda son oyununa çıxır.

Sportline.az saytına danışan TRT Spor şərhçisi İbrahim Kırkayak millinin hazırkı vəziyyətini dəyərləndirib:

"Bakı Olimpiya Stadionunda bizim yanımızda olmağınız çox gözəl duyğu idi. İlk dəfə bu qədər tamaşaçı qarşısında oynamalıydıq. Təəssüf ki, milli komanda İtaliyadakı açılış matçının təsirində idi. Qruplarda ikinci oyunlar hər zaman mühüm olur. Bu oyunlar sizin çempionatdakı yolunuzu müəyyən edir. Uels daha yaxşı oynadı, xüsusilə də Qaret Beyl və Aron Remzi tam formada idi. Müdafiə xəttinin dağılması və Şenol Güneşin oyuna müdaxilə edə bilməməsi də önəmli faktorlar idi.

Çox böyük bir məyusluq var. Həm bizdə, həm də azərbaycanlı azarkeşlərdə. Bu oyunda qazanılacaq 1 xal belə bizi növbəti oyunda daha ümidli edəcəkdi. Ümid edirəm ki, Bakıdakı son oyunumuzu qazanacağıq. İsveçrə çətin rəqibdir. Onlar da qələbə arzusundadırlar. İnandırıcı olmasa da, hələ də şansımız davam edir.

Mən Bakıya 20 il öncə gəlmişdim. Tofiq Bəhramov adına Respublika stadionu haqqında reportajlar da hazırlamışdım. Bakı həqiqətən də çox dəyişib. Bakı Olimpiya Stadionu futbol üçün çox yaxşıdır. Bakının çempionata ev sahibliyi etməsi də bizim üçün çox sevindirici haldır".