UEFA futzal üzrə Azərbaycan millisini cərimələyib
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi futzal üzrə Azərbaycan millisini 8 200 avro məbləğində cərimələyib.
Sportline.az xəbər verir ki, buna futzalçıların İspaniya və Bosniya və Herseqovina yığmalarına qarşı Avropa çempionatının qrup oyunlarında sarı və qırmızı vərəqələrlə cəzalanmaları, həmçinin karantin qaydalarına riayət etməmələri səbəb olub.
Pireney təmsilçisi ilə heç-heçə (2:2) başa çatmış qarşılaşmada İsa Atayev, Fineo De Araujo, Ramiz Çovdarov və Vassura xəbərdarlıq alıblar. Bu görüşdəki intizamsızlığın cəriməsi 2 700 avro olub. Bundan başqa, tibbi maska ilə bağlı tələblər yerinə yetirilmədiyindən yığmaya əlavə 2 500 avro cərimə kəsilib.
Joze Alesio Da Silvanın baş məşqçi olduğu komandanın Bosniya və Herseqovinaya 4:2 hesabı ilə qalib gəldiyi matçda isə Felipinyo qırmızı, Vassura sarı vərəqə görüb. Buna görə milli komanda 3 000 avro cərimə olunub.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 4 xalla 3-cü pillədə başa vuraraq Avropa çempionatı ilə erkən vidalaşıb.