"Ümidliyik, sona qədər gözləyəcəyik”

“Maraqlı oyun oldu. Biz yaxşı başladıq, ardıcıl qollar vurduq. Bundan sonra sanki bir qədər arxayınlaşdıq. Daha doğrusu, tələsirdik. Halbuki sakit oynamalı, rəqibin boşluqlarından istifadə etməli olduğumuz vəziyyətdə özümüz boşluqlar verdik. Nəticədə hesab bərabərləşdi. Sanki bundan sonra ayıldıq. Fasiləyə üstün yollanmağımız isə xeyrimizə oldu. Oyunun sonlarına yaxın rəqib əsasən 5 meydan oyunçusu ilə mübarizə apardı. Buna görə də çox qaçmalı olduq".

Sportline.az xəbər verir ki, bu sözləri "Araz"ın (Naxcıvan) futzalçısı Xətai Bağırov Çempionlar Liqasının əsas mərhələsində bu gün “Yunayted Galati”yə 5:3 hesabı ilə qalib gəldikləri oyundan sonra Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.

"Vacib olan qələbə qazanmaq idi, şükür ki, bunun öhdəsindən gəldik. Hələ ki, növbəti mərhələyə yüksəlməklə bağlı heç nə bilinmir. Bu gün keçiriləcək “Uraqan” – “Liqeni” oyununda çox suallara aydınlıq gətiriləcək. Meydan sahibləri qələbə qazansa, vəsiqəni də onlar qazanacaq. “Liqeni” 3 xalla ayrılsa, yeganə vəsiqənin sahibinin adı axırıncı oyunlardan sonra bilinəcək. Ümidliyik, sona qədər gözləyəcəyik” - deyə o bildirib.