Uşaq futbolunun "Sabah"ı necə olacaq?

Pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da idmana ciddi təsir göstərdi. Karantin dövründə ölkəmizdə bütün idman növləri kimi uşaq futbolu məktəbləri də fəaliyyətini dayandırmağa məcbur oldu. Respublikamızda uşaq futbolunun hazırkı vəziyyəti necədir?

Bu barədə Bakusport.az saytına “Sabah” futbol akademiyasının aşağı yaş qrupu üzrə baş məçqçisi Samir Əbdurəhmanov geniş açıqlama verib.

- Sərtləşdirilmiş karantin zamanı uşaqlar hazırlığı necə keçirdi?

 - Sərtləşdirilmiş karantinlə bağlı onu deyə bilərəm ki, məşqlərimizi onlayn rejimdə keçirdik. Çalışdığımız qədər uşaqların idman formasından düşməməsi üçün uşaqlara müəyyən tapşırıqlar verirdik ki, onlar bunu ev şəraitində etsinlər. 2-3 həftə bundan əvvəl ev şəraitində komandanın üzvlərindən normativlər götürdük. Göstəriclər isə onu göstərdi ki, onlar formadan o qədər də uzaq düşməyiblər. Təbii ki, bunlar uşaqdırlar. Onların orqanizmi gəncdir deyə bərpa prosesi daha tez gedir. Operativ Qərargah tərəfindən açıq havada məşqlərin və yarışların bərpası idman ictimaiyyəti üçün sevindirici hal oldu. Biz buna ümid edirdik. Tez bir zamanda işimizi planlı şəkildə qurub fəalliyətə başlayacağıq.Tezliklə uşaqlarımız məşq edib idman formasını bərpa edəcklər. Bundan sonra işlərimizdə uğur qazanacağımıza inanıram.

 

- Xarici ölkələrdən birinə təlim-məşq toplanışına getmək fikriniz varmı?

- Xarici ölkəyə getmək indiki vəziyyətdə biraz çətindir. Hələlik, açıq havada məşqlərimizi ölkə daxilində edəcəyik. Akademiyanın bölgələrdən olan uşaqları da var ki, tezliklə onların da təlim məşq toplanışına kimi bizə qoşulmağına çalışacağıq.

 

- Xarici ölkələrin futbol məktəblərilə əməkdaşlıq mövcuddurmu?

- “Sabah” futbol akademiyası olaraq Xorvatiyanın “Zaqreb” klubu ilə əməkdaşlıq edirik. Hər iki klubun uşaq akademiyaları arasında futbol təcrübəsinin bölüşməsi baxımından müqavilə bağlanıb. Bizim klubumuzda da koordinator xorvatiyalı mütəxəssisdir. Xorvatiyadan gələrək bizim klubda çalışır. Gələcəkdə hədəfimiz akamdemiyazda olan istedadlı uşaqların “Zaqreb” akademiyasında məşq prosesi keçməsi, orda olan uşaqlarla təcrübə mübadiləsindən ibarətdir .Həmçinin onların da bura dəvət olunması əsas strategiyamızdır. Bu səviyyədə əməkdaşlığımızın uğurlu olacağına inanırıq.

 

- Hazırda uşaq futbolunda hansı probelmlər var?

- Əsas meydan çatışmazlığı var.Uşaqlar əvvəl köhnə “Neftçi” bazada oynayırdılar. O meydanın ümumiyyətlə uşaqların zədə almasında risklər çox idi. Məlumat var ki, AFFA-nın uşaq futbol departamentinin rəhbərləri planlı şəkildə “Neftçi” bazanın meydanının ot örtüyünün dəyişilməsini həyata keçirməlidirlər. Yeni mövsümə qədər bu proses həllini tapmalıdır. Əsas düzgün sistem qurulsa, uşaqların peşəkar səviyyədə yetişdirlməsinə yardım olacaq. Bizim əsas amalımız böyük klublara, milli komandaya bu uşaqları layiqincə yetişdirib təhvil vermək və nəticə görməkdir. Problemlərin uşaq futbolunda tezliklə həllini tapacağına ümid edirəm. Uşaq futbol liqasına maraq böyük olur. Bu da ondan irəli gəlir ki, uşaqlarda həvəs var.


- Uşaq futbolunun sabahından gözləntiləriniz nədir?

- İstəyirəm ki, heç vaxt ruhdan düşməsinlər. Əsas sağlamlıqdır. Öz sağlamlıqlarını qorusunlar. Bütün uşaq futbolunda olanlara arzum odur ki, tez bir zamanda sağlam həyat davam etsin.Öz peşələrinə, sevimli idman növlərinə tezliklə qayıtsınlar. Onlar tezliklə yenidən gözəl oyunla məşqçilərini, ailə üzvələrini və sevdiklərini sevindirsinlər.