Vasil Çeişvili: "Azərbaycanda öz mütəxəssislərimizə qiymət vermirlər"

Əvvəlki saylarımızda Avropa və Qərbi Asiyada fəaliyyət göstərən TSHB-19 layihəsi və bu layihədə iştirak edən azərbaycanlı futbolçularla bağlı məlumat vermişdik. Xatırladaq ki, Futbolçuların Diaqnostik Mərkəzi olan TSHB-19 layihəsi Avropanın bir çox top-komandaları və futbol akademiyalarının maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Onların arasında İtaliya, İngiltərə, Hollandiya və digər ölkələrin təmsilçiləri var. Məqsəd istedadlı gənc futbolçuları axtarıb tapmaq və onları layihəyə sərmayə yatıran klub və akademiyalara yönləndirməkdir. Mərkəzin Avropanın bir neçə şəhərində, o cümlədən Paris və Londonda ofisləri yerləşir. TSHB-19-da Avropada kifayət qədər tanınmış futbol və tibb mütəxəssisləri çalışır. TSHB-19-un Azərbaycan üzrə nümayəndəsi, əslən gürcü olan Vasil Çeişvilidir. V.Çeişvili ölkəmizdən başqa Gürcüstan, Ermənistan, Özbəkistan və Qazaxıstanda da istedadlı gənc futbolçuların üzə çıxmasında və layihədə iştirak etməsində əlaqələndiricidir.

Ötən ilin dekabrında “İnter"in 2001-ci il təvəllüdlü futbolçusu Murad Bağırov layihənin ilk mərəhələsini uğurla keçərək 2-ci mərhələdə iştirak etmək imkanı qazanmışdı. Təəssüf ki, Murad bu yay Tiflisdə keçirilən 2-ci mərhələdə “ilişdi". Bundan başqa “İnter"in digər yetirməsi Murad Əliyevin Portuqaliyanın “Braqa" klubu ilə müqavilə bağlamaq üzrə olduğunu da yazmışdıq. Lakin Portuqaliyaya yollanmaq ərəfisində Muradın çiyin sümüyünü sındırması  işləri korlayıb. Hazırda “İnter"in əvəzedici komandasının üzvü olan Muradın yenidən “Braqa"nın maraq dairəsinə düşüb-düşməyəcəyi məlum deyil.

V.Çeişvili ilə TSHB-19-un hazırkı fəaliyyəti ilə maraqlandıq. Onun sözlərinə görə layihə digər ölkələrdə yüksək səviyyədə həyata keçirilir. Azərbaycana gəldikdə isə, bir qədər durğunluq hiss olunur. Bunun da əsas səbəbi klubların bu layihəyə marağının az olmasıdır: “Ümumi götürəndə Azərbaycanda uşaq futboluna ayrılan diqqət istənilən səviyyədə deyil. Layihə haqqında bütün futbol akademiyalarına, orada işləyən məşqçilərə məlumat vermişəm. Hamı maraqla qarşılayıb, amma konkret addım atan yoxdur. TSHB-19-da iştirak üçün çox şey tələb olunmur. Sadəcə, futbolçunun normativ göstəricilərini bizə təqdim etmək lazımdır. Gerisi bizim işimizdir. Həmin göstəricilər mərkəzi ofisə göndərilir və bəyənilən futbolçu 2-ci mərhələyə keçir. 2-ci mərhələdə iştirak üçün bütün xərclər TSHB-19 tərəfindən ödənilir. Bu mərhələni də uğurla keçən futbolçunun Avropanın köklü klublarının futbol akademiyalarına qəbul olunması imkanları qat-qat artır. Burada çətin bir iş yoxdur. Nəyə görə bu imkandan istifadə edilməsin? Maraq üçün deyim ki, bu il Gürcüstanda 12 yaşlı bir uşaq 2-ci mərhələni uğurla keçdi və yaxınlarda hansısa futbol akademiyasına qəbul ediləcək".

Ötən il V.Çeişvili ilə söhbətimizdə o, Bakıda Diaqnostika Mərkəzini açacaqlarını bildirmişdi. Bəs, bu yöndə hansı işlər görülüb? Həmsöhbətimiz belə bir mərkəzi klubların birinin nəzdində açmağı düşünürdü. Amma... “Gürcüstanda belə bir mərkəz açmışıq. Orada futbolçulardan müxtəlif testlər götürülür, çatışmayan cəhətləri aşkarlanır və mərkəzin mütəxəssislərinin hazırladıqları proqramlar vasitəsilə həmin çatışmazlıqlar qısa zamanda aradan qaldırılır. Gürcüstan vətəndaşı olduğum üçün Tiflisdə belə bir mərkəzin açılması mənə problem yaratmadı. Lakin Bakıda bunu etmək çox çətindir. Bu üzdən bir neçə kluba onların nəzdində belə bir mərkəzin açılması barədə müraciət etsəm də, müsbət cavab almadım. Bunun üçün bizə yer, müəyyən avadanlıqlar və mütəxəssislər lazımdır. İl ərzində 20-30 min manata bu işi həyata keçirmək olar. Təəssüf ki, maraq yoxdur".

Gürcü mütəxəssis hazırda yeni layihə üzərində çalışdıqlarını bildirdi. Layihənin əsas məqsədi uşaqlarda qavrama qabiliyyətinin yoxlanılmasıdır. Bunun üçün lazım olan testlər Tiflisdəki mərkəzdə götürülür və nəticələr TSHB-19-un mərkəzi ofislərinə göndərilir. Müsbət rəy alan uşaqlarla TSHB-19-un nümayəndəsinin və valideynlərin iştirakı müqavilə bağlanılaraq uşaq futbol akademiyalarının birinə göndərilir. Bütün xərclər yenə də layihə icraçılarının öhdəsinə düşür. Bundan başqa 18 yaşına çatanda onunla müqavilə bağlanan zaman məbləğin 3-7 faizi futbolçunu yetişdirən kluba ödənilir.

V.Çeişvili ölkəmiz üçün yad ism deyil. Bir neçə il əvvəl “Əlincə" FK-da məşqçi kimi çalışan mütəxəssisin yetirməsi sayılan bir neçə futbolçu hazırda aşağı yaş qrup yığmalarımızın şərəfini qoruyur, Premyer Liqa təmsilçilərinin heyətində yer alır. Onlardan Qara Qarayevin, Nicat Qarayevin, Murad Əliyevin, Xaliq İbrahimovun, Tural Bayramlının, Elçin Əliyevin və digərlərinin adlarını çəkmək olar. Bu haqda da danışan müsahibim sonda ölkəmizdə TSHB-19-a marağın az olmasından gileyləndi: “İnandırım ki, əgər mənim yerimə  alman, ispan, ya da hansısa fransalı mütəxəssis eyni layihə ilə Azərbaycana gəlsəydi, hamı başına yığışardı. Neçə ildir ki, burada işləyirəm. Azərbaycanı ikinci vətənim hesab edirəm. Azərbaycanda öz mütəxəssislərimizə qiymət vermirlər. Gəlmələrə isə... Gürüstanda da oxşar vəziyyətdir. Bəlkə də qafqazlı mentalitetindən irəli gəlir".

 

İlqar TAĞIYEV

“Het-trik news" qəzeti

Banner