Veteran stolüstü tennisçilər arasında turnir keçirilib
Veteran stolüstü tennisçilər növbəti turnirdə bacarıqlarını göstəriblər.
Sportline.az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının təşkil etdiyi ənənəvi yarışa 70-ə yaxın idmançı qatılıb. Qadınların mübarizəsi Tatyana Aliulinanın qələbəsi ilə nəticələnib. Svetlana Kayumova ikinci, Nərgiz Daşdəmirova üçüncü olub.
40-49 yaşlı kişilərin yarışında Vaqif Məmmədov qələbə qazanıb. Mahir Cəbiyev ikinci, Orxan Əliyev üçüncü yerdə qərarlaşıb. Elşad Vahidov 50-59 yaşlıların mübarizəsində birinci olub. Mükafata layiq digər yerləri Yaşar Mövlanovla Əli Heydərli tutub.
60-69 yaşlılar arasında İlham Ağayev qələbə çalıb. O, finalda Qulu Quliyevi məğlub edib. Üçüncü yerə Məzahir Həsənov layiq görülüb. Muxtar Ağazadə isə 70+ yaş dərəcəsində bütün rəqiblərini üstələyib. Zirəddin Mövlayev ikinci, Firudin Hüseynov üçüncü yeri tutub. Fərqlənən iştirakçılara diplom və pul mükafatı təqdim olunub.