Yevgeni Timçenko: “Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil”

“Azərbaycana gəlişimdən məmnunam. Seminar yüksək səviyyədə təşkil olunub. Bunun üçün Azərbaycan Stolüstü Tennis Federasiyasına təşəkkürümü bildirirəm”.

Sportline.az xəbər verir ki, bunu Bakıda seminar keçən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) təmsilçisi Yevgeni Timçenko ASTF-nin mətbuat xidmətinə açıqlamasında deyib.

Qazaxıstanlı mütəxəssis yaradılan şərait, məşqçi və idmançıların hazırlıq səviyyəsi ilə bağlı fikirlərini bölüşüb: “Təlimlərin uğurlu alınması üçün bütün lazımı şəraiti yaradıblar. Heç bir problemlə üzləşmədik. Sevindirici məqamlardan biri də məşqçilərin peşəkarlığı oldu. Həqiqətən də yüksək səviyyəli mütəxəssislərdir. Onlarla çalışmaq olduqca maraqlı və zövqvericidir. Bir daha əmin oldum ki, son illərdə Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil. Bu gedişlə idmançılarınızın daha böyük nailliyyətlər qazanacağına inanıram”.

Qeyd edək ki, oktyabrın 1-də başlanan seminar işini sabah yekunlaşdıracaq.