Vitali Rəhimov: "Dopinqin üzünü də görməmişəm"

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinq istifadə etdikləri üçün 16 idmançının nəticəsini ləğv edib. Onlardan biri - Yunan-roma güləşçimiz Vitali Rəhimov gözlənilməz xəbərin şokundan hələ də ayılmayıb. SportLine.az saytına açıqlamasında "Dopinqin üzünü də görməmişəm. Atsaydım, deyərdim ki, atmışam", - deyən güləşçi 19 illik karyerasında ilk dəfə bu cür halla qarşılaşdığını vurğulayıb: "Olimpiada ərəfəsində də, yarış zamanı da, finaldan sonra da dopinq analizi götürülüb. Müsbət cavab versəydi, 8 il əvvəl verərdi. Bu qərarı özümə qarşı ədalətsizlik kimi qiymətləndirirəm. Bütün mümkün imkanlardan yararlanıb haqqımı qorumağa çalışacam".

Xatırladaq ki, o, 2008-ci il Pekin olimpiadasında gümüş medala layiq görülmüşdü. Vitali Rəhimovun daha ətraflı açıqlaması ilə Space tv-nin bu gün saat 21-05-də efirə gedəcək "Hər gün idman" verilişində tanış ola bilərsiniz.