Faiq Qarayev: "Yeni baş məşqçimizin işi çox çətindir"
“Yeni baş məşqçimizin işi çox çətindir. Ona dəstək olmalıyıq”.
Sportline.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev qadınlardan ibarət millinin baş məşqçisi postuna gətirilən Ataman Güneyligilin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
O, türkiyəli mütəxəssisə hər cür köməkliyə hazır olduqlarını bildirib: “Ataman bəyə böyük hörmətim var. Mən də Türkiyədə bir neçə il işləmişəm. Həmişə onun arxasındayam”.
F.Qarayev əlavə edib ki, federasiya prezidenti Şahin Bağırovla birlikdə Azərbaycan voleybolu üçün ciddi işlər görəcəklər: “Şahin müəllim çox pozitiv insandır. Bu da voleybolumuza xeyir verəcək”.
Qeyd edək ki, Ataman Güneyligillə 3 aylıq müqavilə imzalanıb.