Yeniyetmə və gənc kikboksçular üçün daha bir sınaq
"Xəzər" Kikboksinq İdman Klubunun ikinci açıq çempionatı keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev və federasiyanın 1-ci vitse-prezidenti Ramal Aslanovun dəstəyilə keçirilən yarışın açılış mərasimində yeniyetmə və gənc kikboksçulardan ibarət millimizin baş məşqçisi Hikmət Hacıyev də iştirak edib. O, bütün idmançılara uğurlar arzulayıb.
Yarışda paytaxt və bölgələrimizdən 25 klubun tərkibində 320 idmançı mükafatlar uğrunda mübarizə aparıb.
Çempionatda uğurla çıxış edən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti 21-i qızıl, 6-sı gümüş, 7-si bürünc olmaqla 34 medal qazanıb.
Azərbaycan Kikboksinq Federasiyasının yeniyetmə və gənclərdən ibarət millisinin baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev idmançıların çıxışını yüksək qiymətləndirib: "Yarış yüksək səviyyədə keçdi. Bizim üçün ilin ilk yarışı idi. Bunun öhdəsindən layiqincə gəldik. Qarşıda bizi xeyli yarış gözləyir. İndi əsas diqqətimiz növbəti turnirlərə yönəlib".
Qeyd edək ki, bu cür yarışlar avqustun 25-dən sentyabrın 3-ədək keçiriləcək Türkiyənin İstanbul şəhərində WAKO üzrə yeniyetmə və gənclərin Avropa birinciliyinə seçim xarakteri daşıyır.