"Yuventus"un daha bir futbolçusu koronavirusa yoluxdu

İtaliyanın "Yuventus" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

Sportline.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Leonardo Bonuççinin testi müsbət çıxıb.

34 yaşlı müdafiəçidə İtaliya yığmasından qayıtdıqdan sonra infeksiya aşkarlanıb. O, dərhal karantinə alınıb.

Bundan əlavə, "Yuventus"un üç futbolçusu - Ueston Makkenni, Paulo Dibala və Artur Ramos koronavirus əleyhinə protokolun pozulması ilə bağlı qalmaqala səbəb olub. Martın 31-də Artur və Dibala komendant saatında Makkenninin evindəki qonaqlığa qatılıblar. Yığıncaqda təxminən 20 nəfər iştirak edib.

Hüquq mühafizə orqanları bir saatlıq əziyyətdən sonra içəri daxil ola bilib. "Yuventus"un hadisə ilə bağlı hər üç futbolçunu cəzalandıracağı bildirilir.

Qeyd edək ki, daha əvvəl "Yuventus"da türkiyəli futbolçu Merih Demiralın da koronavirus testi müsbət çıxıb.