“Zəfər kuboku” turnirinin qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, Azərbaycan İdman Jurnalistləri Federasiyası, “Gənc velosipedçilər” İctimai Birliyi, "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyi və “BrendSport.az” saytının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərə həsr edilmiş “İlhamlı Qələbələr” adlı idman festivalı çərçivəsində jurnalistlər və tanınmış incəsənət nümayəndələri arasında velosiped idman növü üzrə "Zəfər kuboku" keçirilib.
Sportline.az xəbər verir ki, tədbirin açılış mərasimində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və digərləri çıxış edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün ərzində Ermənistanı məğlub edərək parlaq Qələbə qazanmasını, işğala son qoyduğunu bildiriblər. Qeyd edilib ki, Azərbaycan bütün sahələrdə dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha nümayiş etdirir. Belə ki, ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı bu sahədə də böyük uğurların qazanılması üçün geniş imkanlar yaradıb.
Açılış mərasimindən sonra yarışa start verilib.
Turnirdə “Trend” İnformasiya Agentliyinin, “İctimai” TV-nin, “Space” TV-nin, “Real” TV-nin, “İdman Azərbaycan” telekanalının, “Baku” TV-nin, “Sehrli dünya” uşaq jurnalının, “Uğurcan” Nitq İnkişaf Mərkəzinin, “BrendSport.az” saytının əməkdaşları və incəsənət nümayəndələri mübarizə aparıblar. Yarışda paravelosipedçilər də daxil olmaqla, ümumilikdə 34 nəfər iştirak edib.
Gərgin və maraqlı keçən yarışın yekun nəticələrinə görə, kişilər arasında birinci yeri “Space” TV-nin əməkdaşı Kamran Məmmədov tutub. İkinci yerə “Baku” TV-nin əməkdaşı Zaur Hacıyev layiq görülüb. Üçüncü pillədə isə “Trend” İnformasiya Agentliyinin əməkdaşı Elgün Mənsimov qərarlaşıb.
Qadınlar arasında isə “Sehrli dünya” uşaq jurnalının əməkdaşları Aynur Nurəliyeva, Gülzar İbrahimova, “Uğurcan” Nitq İnkişaf Mərkəzinin təmsilçisi Günay Ağazadə ilk 3 yerə sahib olublar.
Paravelosipedçilərdən isə Mehman Ramazanzadə, Bəhlul Əliyev və Amid Həsənquliyev mükafatalayiq yerlər tutublar.
Yarışın sonunda mükafatalayiq yerlər tutan iştirakçılara hədiyyələr, eləcə də, təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.