Günün qəhrəmanı - 45 yaşı tamam olur

Braziliyalı “Super Mario”

Bu gün onun 45 yaşı tamam olur

Ötən əsrin 90-cı illərinin sonunun və bu əsrin əvvəlinin Braziliyası. Dünyanın ən yaxşı millilərindən biri. Hətta deyərdik ki, ən yaxşısı. O vaxtkı “sambaçılar"ın adı çəkiləndə ilk yada düşən futbolçulardan biri, bəlkə də birincisi Ronaldodu. “Yekədiş" olan yerdə onun mövqeyində kim oynaya bilərdi ki? O dövr Braziliyada istedadlı, bacarıqlı hücumçular çox idi. Amma onların hamısı Ronaldo ilə rəqabətdə uduzurdu. Belələrindən biri də bu günkü yazımızın qəhrəmanı Mario Jardel idi. Bir vaxtlar Türkiyənin “Qalatasaray" klubundan yaxşı tanıdığımız hücumçunun bu gün 45 yaşı tamam olur. Deməli, onu yada salmağın əsl vaxtdır.

 

Futbola gəlişi

Mario Jardel Almeyda Ribeyro 1973-cü il sentyabrın 18-də Braziliyanın Syera ştatının Fortaleza şəhərində anadan olub. Başqa sözlə, kasıb, kriminalı və futbolu ilə dünyada məşhur olan Braziliyada. Ya futbolçu olmalı, ya da... Çox az braziliyalı gənc kimi Mario birinci yolu seçib.

Nə qədər maraqlı olsa da, Marionun peşəkar futbolla tanışlığı 16 yaşında başlayıb. Yerli “Ferroviario Atletiko" klubunun gənclər komandasına götürülən 188 sm boylu hücumçu qısa zamanda futbol üçün doğulduğunu sübut edib. Əslində, ilk vaxtlar Marionun işləri o qədər də yaxşı getməyib. 1 il sonra “Vasko da Qama" ilə ilk peşəkar müqaviləsinin bağlayan futbolçu 4 il bu komandanın şərəfini qoruyub. Oyun sarıdan korluq çəkib. Bu, dəqiqdir. Çünki 4 mövsümdə cəmi 15 oyun və 3 qol onun adi hücumçulardan biri olmasına anlamına gələ bilərdi. “Vasko" ilə bu müddətdə 3 çempionluq yaşamasını onun bəxtinə yazmaq lazımdır.

Marionun istedadının üzə çıxmasına “Qremio" səbəb olub desək, yanılmarıq. “Vasko da Qama"da ehtiyatda “çürüyən" futbolçu 1995-ci ildə Portu-Aleqri təmsilçisinə keçib və ilk ilindəcə daha yüksək mükafatı - Libertadores Kubokunu başı üzərinə qaldırıb. Üstəlik, məshuldarlığını da artıra bilib. Qitənin ən yüksək titulunu qazanmaqla, Riu-Qrandi-du-Sul ştatının çempionu olmaqla, bombardirlik keyfiyyətini üzə çıxarmaqla o, Avropanın bir neçə klubunun diqqətini cəlb edib. Maraq üçün deyək ki, Jardel “Qremio"nun heyətində çempionatda keçirdiyi 13 oyunda 10, Libertadores Kubokunda isə 12 qol vurmuşdu.

Əsl bombardir

İlk vaxtlar Portuqaliyanın “Benfika" və Şotlandiyanın “Qlazqo Reyencers" klubları Jardellə daha yaxından maraqlanırdılar. “Benfika" ilə danışıqlar uğursuz nəticələndiyi halda “Reyncers" Avropa İttifaqına daxil olmayan ölkələrdən olan  futbolçu limitinə görə Jardeli heyətinə qata bilmədi. Belə bir məqamda ortaya “Portu" çıxdı. Lyubinko Druloviç, Zlatko Zahoviç, Serjiu Konseysau və başqa güclü futbolçuları olan Portuqaliya “nəhəng"i Jardeli tərəddüd etmədən heyətinə qatdı və peşiman olmadı. Yeni komandasında ilk oyunundan etibarən qollarını ard-arda düzən braziliyalı Portuqaliyada oynadığı 4 mövsümün hamısında çempionatın bombardiri adını qazandı. 125 çempionat matçında 130 qol! “Portu" ilə 3 dəfə çempionluq, 2 dəfə kubok sevinci yaşayan Jardel yerli “Rekord" qəzetinin apardığı sorğuya görə 2 dəfə Portuqaliyanın ən yaxşı futbolçusu seçildi. Bundan başqa o, 1998/99-cu illər mövsümündə 36 qolla qitədə hamını üstələdi və “Qızıl buts" mükafatına sahib çıxdı.

“Super Mario”

2000-ci ilin yayında “Qalatasaray" Jardeli 20 milyon dollar qarşılığında heyətinə qatdı və faydasını gördü. “Ərzurumspor"la Superliqadakı ilk oyunundaca 5 qol vuran Jardel qısa zamanda yerli azarkeşlərin sevimlisinə çevrildi. “Super Mario" ləqəbi alan hücumçu ilk birincilikdə keçirdiyi 24 oyunda 22 qol vurmaqla nəyə qadir olduğunu bir daha sübut etdi.

Jardel Türkiyəyə gəlməmişdən az əvvəl “Qalatasaray" UEFA Kubokuna sahib çıxmışdı. Belədə bu komandanı Çempionlar Liqasının qalibi ilə Superkubok matçı gözləyirdi. 2000-ci il avqustun 25-də keçirilən “Real" (Madrid) - “Qalatasaray" matçının qəhrəman məhz braziliyalı oldu. “Cim-bom"un 2:1 hesabı ilə qalib gəldiyi oyunda hər iki qolu “Super Mario" vurdu. 2000/01-ci illər mövsümündə Türkiyə çempionatının gümüş medalını boynundan asan futbolçu Çempionlar Liqasında komandasının 1/4 finala kimi irəliləməsinə də yardımçı oldu. Qitənin ən nüfuzlu klub turnirində ilkin təsnifat mərhələləri də daxil olmaqla 9 dəfə fərqlənən Jardel ümumilikdə ÇL-da 25 qol (ilkin təsnifat mərhələləri də daxil olmaqla - 28) vurdu.

Portuqaliya fatehi

“Super Mario"lu “Qalatasaray" mövsümü 2-ci pillədə bitirdi. Zədələr, şəxsi həyatındakı problemlər və İstanbul mühitinə uyğunlaşmaması Jardelin “Qalatasaray"dan ayrılmasına səbəb oldu. Türkiyəni tərk edən hücumçu yenidən Portuqaliyaya qayıtdı. Onun Avropanın kənarında bu dəfəki dayanacağı Lissabon idi. “Sportinq"lə müqavilə bağlayan Jardel 2001/02-ci illər mövsümündə karyerasının ən yaxşı ilini keçirdi. Portuqaliya çempionatının qızıl medallarına və ölkə kubokuna sahib çıxan hücumçu 30 oyunda vurduğu 42 qolla həm də 5-ci dəfə çempionatın ən yaxşı bombardiri adını qazandı. Bundan başqa o, yenə də “Rekord" rəyinə əsasən ölkənin ən yaxşı futbolçusu seçildi. Həmçinin, karyerası ərzində 2-ci dəfə “Qızıl buts" mükafatına layiq görüldü. O, 2 il ərzində meydana çıxdığı 49 oyunda 53 qol vurmaqla bombardirlik keyfiyyətlərini bir daha ortaya qoydu.

2002/03-cü illər mövsümünün əvvəlini zədə üzündən buraxan Mario az oynamasına rəğmən yenə də qol vurmaqda davam edirdi. Mövsüm ərzində 19 oyunda 11 qol vuran Jardelin karyerasında deyəsən yavaş-yavaş eniş başlamışdı. Bu, onun psixoloji vəziyyəti ilə bağlı idi. Belə ki, şəxsi agenti Joze Veyqa ilə ayrılıq, həyat yoldaşı, model Karen Ribeyra ilə nikahlarına son qoymaları, qumar oyunlarına aludəçilik, narkotik vasitələrə qurşanma Jardelin oyununa əməlli-başlı təsir etmişdi. Vəziyyətin fərqində olan “Sportinq" rəhbərliyi onu bir qədər özünə gəlməsi üçün doğma Fortalezaya göndərdi. Amma Jardel “qaş düzəldən yerdə göz çıxartdı". Hovuzda çimərkən dizini zədələyən futbolçu bir neçə ayla yanaşı həm də klubun etibarını itirdi. Belədə o, “Bolton"a satıldı.

Yüksəlişdən enişə

Elə o vaxtdan futbolçunun karyerasında eniş başladı. Yarım mövsüm ingilis klubunun heyətində heç nə edə bilməyən Jardel İtaliyanın “Ankona" komandasında da özünü tapa bilmədi. İtaliya birinciliyində cəmi 3 oyunda meydana çıxan futbolçunun komandası A Seriyasında sonuncu olduqdan sonra Jardel iş yerini dəyişmək məcburiyyətində qaldı. 2004-2006-cı illər aralığında 3 klub dəyişən Mario (“Nyuellz Old Boyz" (Argentina), “Alaves" (İspaniya), “Qoyas" (Braziliya) yenə də heç nə ilə yadda qalmadı. Bir vaxtların ən yaxşı bombardiri artıq, ehtiyat oyunçuya çevrilmişdi. Nadir hallarda meydana çıxan hücumçu buna rəğmən 2004-cü ildə Argentina (Apertura) və 2006-cı ildə Qoyas ştatının çempionu adını qazandı.

Vətənində heç nə alınmadığını görən Jardel 2007-ci ildə 3-cü dəfə Portuqaliyaya qayıtdı. Bu dəfə autsayder “Beyra-Mar"ın formasını geyinən Mario növbəti 4 il ərzində nə az-nə çox 9 fərqli komandada oynadı. Onun karyerasında son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Təavun" oldu. Ərəb komandasında oynadığı 1 ildə 17 oyuna 18 qol vuran futbolçu həmin il də karyerasını bitirdi.

Milli

Jardelin milli karyerasın o qədər də zəngin deyil. Əsas yığmada cəmi 11 oyunda meydana çıxan futbolçu yalnız Tayvanla (7:0) yoldaşlıq oyununda qol vurmağı bacarıb. Millidəki yeganə mükafatını isə U-20 komandasında əldə edib. 1993-cü ildə 20 yaşlı futbolçular arasında keçirilən dünya çempionatında cəmi 1 oyunda meydana çıxmasına baxmayaraq, o, birinciliyin qızıl medalını boynundan asa bilib.

Nailiyyətləri

“Vasko da Qama": 3 dəfə Rio-de-Janeyro ştatının çempionu (1992, 1993, 1994), Quanabara Kuboku (1994)

“Qremio": 2 dəfə Riu-Qrandi-du-Sul ştatı çempionu  (1995, 1996), Libertadores Kuboku (1995)

“Portu": 3 dəfə Portuqaliya çempionu (1996/97, 1997/98, 1998/99), 2 dəfə Portuqaliya Kuboku (1997/98, 1999/2000), 3 dəfə Portuqaliya Superkuboku (1996, 1998, 1999)

“Qalatasaray": UEFA Superkuboku (2000), Türkiyə çempionatının gümüş mükafatçısı (2000/01)

“Sportinq":  Portuqaliya çempionu (2001/02), Portuqaliya Kuboku (2001/02)

“Nyuellz Old Boyz": Argentina (Apertura) çempionu (2004)

“Qoyas": Qoyas ştatı çempionu (2006)

“Anartosis": Kipr çempionatının bürünc mükafatçısı (2006/07), Kipr Kuboku  (2006/07)

Braziliya millisi: Gənclər arasında (20 yaş) dünya çempionu (1993)

Şəxsi: 1 dəfə Libertadores Kubokunun (1995), 1 dəfə Çempionlar Liqasının (1999/2000), 5 dəfə Portuqaliya çempionatının (1996/97, 1997/98, 1998/99, 1999/2000, 2001/02) bombardiri, 3 dəfə “Rekord" nəşrinin (1997, 1999, 2002), 2 dəfə “A Bola" jurnalının (1997, 1998), 1 dəfə isə Portuqaliya Futbol Federasiyasının rəyinə əsasən Portuqaliyanın ən yaxşı futbolçusu, 2 dəfə “Qızıl buts" (1999, 2002), 1 dəfə “Gümüş buts" (1997), 1 dəfə isə “Bürünc buts" (2000) mükafatının sahibi, İFFHS-nin versiyasına görə milli çempionatlarda 2 dəfə ən effektli bombardir mükafatı laureatı (1999, 2002).

 

            Mario Jardelin statistik göstəriciləri:           

    İllər                   Komanda (ölkə)                      Oyun (Qol)         

Gənclər komandası

1989-1990     “Ferroviario" (Braziliya)

1991-1995     “Vasko da Qama" (Braziliya)

Klub karyerası

1991-1995     “Vasko da Qama" (Braziliya)      15 (3)

1995-1996     “Qremio" (Braziliya)                   13 (10)

1996-2000     “Portu" (Portuqaliya)                   125 (130)

2000-2001     “Qalatasaray" (Türkiyə)                          24 (22)

2001-2003     “Sportinq" (Portuqaliya)                         49 (53)

2003-2004     “Bolton Uonderers" (İngiltərə)               7 (0)

2004            “Ankona" (Ankona)                       3 (0)

2004-2005     “Nyuellz Old Boyz" (Argentina)            3 (0)

2005             “Alaves" (İspaniya)                      0 (0)

2005-2006     “Qoyas" (Braziliya)                     4 (1)

2006-2007     “Beyra-Mar" (Portuqaliya)                      12 (3)

2007            “Anortosis" (Kipr)                                     7 (3)

2007-2008     “Nyukasl Yunayted Cets" (Avstraliya)  11 (0)

2008            “Krisiuma" (Braziliya)                   17 (6)

2009            “Ferroviario" (Braziliya)                6 (5)

2009            “Amerika" (Fortaleza, Braziliya)               11 (8)

2010            “Flamenqo" (Terezina, Braziliya)              4 (7)

2010            “Çerno More" (Bolqarıstan)           8 (1)

2011            “Rio Neqro" (Braziliya)                 13 (4)

2011            “Əl-Təavun" (Səudiyyə Ərəbistanı)    17 (18)

Milli karyerası

1993            Braziliya (U-20)                            1 (0)

1996-2001     Braziliya                                                10 (1)

 

Hazırladı: NEMƏT

“Het-trik news” qəzeti