"Neymar "Real"a keçəcək" - Marselo

"Neymar bir gün "Real"da oynayacaq. O, böyük oyunçudur və hər böyük oyunçu kimi, o da "Real"da oynamalıdır". SportLine.az xəbər verir ki, bu sözləri "kral klubu"nun futbolçusu Marselo "Esporte Interativo"ya müsahibəsində deyib.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Real" - PSJ görüşü ilə bağlı fikirlərini bölüşən braziliyalı müdafiəçi Neymarın "Real"da daha böyük uğurlara imza ata biləcəyini dilə gətirib:

"Son illər Kriştianu Ronaldu və Lionel Messi dünya futboluna liderlik edir. Bu futbolçulardan sonra zirvədə kimin qərarlaşacağını demək çox çətindir. Amma Neymar buna yaxın görünür. Fikrimcə, o, "Real"a keçsə, istədiyi bütün mükafatlara rahatlıqla sahib ola bilər".

Qeyd edək ki, Neymar cari mövsümün əvvəlində 222 milyon avro müqabilində "Barselona"dan PSJ-yə transfer olunub.