Stole Solbakken: "Cavab görüşündə vəziyyəti dəyişmək mümkünsüz deyil"
"Nəticədən və son yarım saatdan razı qalmadım”. Sportline.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda "Qarabağ"a 0:1 hesabıyla uduzan “Kopenhagen”in baş məşqçisi Stole Solbakken deyib.
Oyundan sonra düzənlənən ənənəvi mətbuat konfransına qatılan mütəxəssis yenilgini şərh edib: “Təəccüblənmədim. Rəqibdən belə oyun gözləyirdim. İlk 60 dəqiqədə bərabər oyun getdi. Son yarım saatda isə “Qarabağ”ın üstünlüyü var idi. Meydanda daha çox güc qoydular. Yeri gəlmişkən, azarkeşlər də qələbədə pay sahibi oldu. Qapıçımız bir neçə qurtarışla yadda qaldı. Cavab görüşündə vəziyyəti dəyişmək mümkünsüz deyil. Cütün favoriti “Qarabağ”dı. Bakıda qeydə alınan hesab bunu deməyə əsas verir. Səfərdə 1 qol vursalar, bizim üçün durum çox qəlizləşəcək. Amma öz meydanımızda hesabı açsaq, şansımız artar".