14 il əvvəl tarix yazmış gənclər

İNDİ KİMİSİ ÇAY EVİ İŞLƏDİR, KİMİSİ ELMLƏ MƏŞĞULDUR, KİMİSİ İSƏ...

Mayın 5-də 17 yaşlı futbolçular arasında Avropa çempionatının final mərhələsi start götürdü. Çempionat bizim üçün 2 hal ilə əlamətdardı. Birincisi, final mərhələsi Bakıda keçirilir. Bu, həm ölkəmizin, həm də futbolumuzun təbliği baxımından əhəmiyyətli hadisə sayılmalıdır. İkincisi isə, yığma komandamız ilk dəfə final mərhələsində iştirak edir. U-17 yığmamızın qrupda göstərdiyi nəticələrdən bəhs etməyəcəyik. Yazının mövzusu tamam başqadır. 2002-ci il oktyabrın 3-dən 7-ə kimi ölkəmiz 17 yaşlı futbolçuların daha bir yarışına ev sahibliyi etmişdi. Belə ki, yığmamızın yer aldığı qrupun oyunları Azərbaycanda keçirilirdi. O dövr üçün bu hadisə çox önəmli idi. Üstəlik, U-17 yığmamız qrupda 2-ci yeri tutmaqla növbəti mərhələyə vəsiqə qazandı ki, bu da yığma komandalar tarixində bir ilk idi. Həmin vaxtdan 14 il keçib. 14 il əvvəl gələcəklərinə inam bəslədiyimiz futbolçular indi haradadırlar? Futbolla məşğul olurlarmı? Bir çoxunun futbolçu kimi yetişməməyinin səbəbləri nə idi? Və nə etməliyik ki, indiki 17 yaşlılar gələcəkdə o vaxtkı həmyaşıdlarının aqibətlərini yaşamasınlar? Bu sualların hamısına təqdim edəcəyimiz yazı ilə cavab verməyə çalışacağıq.

17 yerli, 4 legioner

Həmin vaxt komandanın baş məşqçisi İslam Kərimov idi. Ona hazırda U-21 yığmamı çalışdıran Yaşar Vahabzadə kömək edirdi. Qrup oyunlarından əvvəl təlim-məşq toplanışına 24-25 futbolçu cəlb olunmuşdu. Oyunların başlamasına az qalmış Nodar Məmmədov, Ruslan Abuşov və digər 2 nəfər yaşlarının az olmasına görə, kənarda qaldılar. Qrup mərhələsinin oyunlarında İslam müəllimin sərəncamında 21 futbolçu var idi:

Qapıçılar: Kamran Ağayev (“Şəfa"), İlkin Bağıyev (UGİM), Həsən Qədimov (“Vətən" İK).

Müdafiəçilər: Natiq Qasımov, Elşad Quliyev, Namik Yusifov (hər üçü “Şəfa"), Nurməhəmməd Murtuzəliyev (UGİM), Akim Seyidəhmədov (“Anji").

Yarımmüdafiəçilər: Vüqar Yusifli, Nakim Vəliyev, Vasif Əliyev (hər üçü “Şəfa"), Əbdül Əliyev (“Anji"), Elmar Məmmədov (“Gənclik", Sumqayıt), Orxan Rəcəbov, Cavid Nəzirli (hər ikisi “Xəzər Universiteti").

Hücumçular: Akşin Həşimov (“Turan"), Vüqar Nadirov (“Qarabağ-Azərsun"), Əsgər Abbasov (“Gənclik" Sumqayıt), Əhməd Qurbanov (“Anji"), Asif Məmmədov, Elnur Abdullayev (hər ikisi “Şəfa").

Heyətdən də göründüyü kimi 9 futbolçu “Şəfa"nı təmsil edirdi. O vaxt “Şəfa" milli komandaların bazasını təşkil edirdi. Maraqlı məqam heyətdə “Anji"nin 3 futbolçusunun olması idi. Xeyr, onların heç biri legioner həyatı yaşayan azərbaycanlılar deyildi. Əksinə, hər 3-ü, həmçinin, UGİM-i təmsil edən Nurməhəmməd Murtuzəliyev milliləşdirilmiş legionerlər idi. Həmin 4 futbolçunun yığmaya cəlb olunmasının maraqlı tarixçəsi var. İslam müəllim Fuad Musayevdən komandanın mərhələdən əvvəl toplanış keçməsi üçün şərait yaratmağı xahiş edir və AFFA-nın o vaxtkı prezidentinin razılığını alır. U-17 Dağıstana yollanır. Burada bir neçə yoxlama oyunu keçirir. Komandanın bir neçə mövqedə, əsasən də hücumda axsadığını görən İslam müəllim fürsətdən istifadə edərək bir neçə futbolçunu gözaltı edir. Hansılar ki, sonradan komandaya cəlb olunurlar. Buna kimi gənc məşqçi o vaxt “Fənərbaxça"nın gənclərdən ibarət komandasının futbolçusu İlqar Qurbanovun xidmətindən yararlanmağa ümid edirmiş. Lakin İlqarın Türkiyə yığmasında oynamaq söhbəti işləri korlamışdı. Məhz bu üzdən İslam Kərimov legioner hücumçuya güvənməli olur. Söhbət Əhməd Qurbanovdan gedir. İnsaf naminə qeyd edək ki, gəlmələr ümidləri doğrultmuşdular. Komandanın vurduğu 5 qoldan 4-ü onların payına düşürdü. Bu 4 qolun 3-nün müəllifi isə Əhməd Qurbanov idi. Əhməd həmçinin, simvolik yığmaya da düşməyi bacarmışdı. Maraq üçün deyək ki, Əhməd sonradan U-19 və olimpiya yığmamıza da cəlb olundu. Bir məqama da toxunmaq lazımdır. Qrup mərhələsinin oyunları zamanı komandamızın heyətində çıxış edən bir neçə futbolçunun, o cümlədən Vüqar Nadirov və İlkin Bağıyevin cəmi 16 yaşı var idi.

Son dəqiqədə gələn uğur

Yığmamızın da yer aldığı qrupda Şotlandiya, Ukrayna və Türkiyə növbəti mərhələyə vəsiqə verən ilk 2 yer uğrunda mübarizə aparırdı. Oyunlar Bakıdakı “Şəfa" və Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionlarda keçirilirdi. Komandamız ev sahibi kimi bütün oyunları “Şəfa"da oynamışdı. İlk matç türklərə qarşı idi. Əsasən əks hücum taktikası ilə oynayan yığmamız ilk hissədə Əhməd Qurbanovun vurduğu qolla rəqibi 1:0 hesabı ilə məğlub etmişdi. Növbəti oyunda rəqib güclü Şotlandiya yığması idi. Oyunun gedişində hesab 1:1 idi və bu, bizə sərf edirdi. Gəl ki, ikinci hissənin ortalarında şotlandlar 2-ci topu vuraraq qələbə qazanmışdılar. Komandamızdan yenə də Əhməd Qurbanov fərqlənmişdi. Mərhələ keçmək üçün sonuncu turda yığmamıza Ukrayna ilə heç-heçə bəs edirdi. Oyun komandamız üçün yaxşı başlamamışdı. Artıq, 15-də dəqiqədə rəqib qapımızdan 2 top keçirmişdi. Buraxılan qollara baxmayaraq, futbolçularımız ruhdan düşməmiş və 1-ci hissənin sonunda hesabdakı fərqi azalda bilmişdilər. İkinci hissənin əvvəlində hesabı bərabərləşdirən komandamız az sonra 3-cü qolu buraxmışdı. Sonuncu dəqiqədə isə Nurməhəmməd Murtuzəliyevin cərimə zərbəsindən vurduğu qol U-17 yığmamızı növbəti mərhələyə çıxarmışdı. Bu, Azərbaycan futbol tarixində bir ilk idi.

Həmin günü İslam Kərimov belə xatırlayır: “Oyunun əvvəlində uşaqlar elə bil özlərində deyildilər. 2-ci qolu buraxdıqdan sonra arxamızdakı tribunada “istefa" səsləri eşidilməyə başladı. Bu, mənə çox pis təsir etdi. Oyunda dönüş etmək lazım idi və məcburi dəyişiklik etdim. Əbdül Əliyevi Vüqar Nadirovla əvəzlədim və 2 hücumçu ilə oyunu davam etdirdik. Vüqarın oyuna qoşulmağı ilə vəziyyət xeyrimizə dəyişdi. Birinci hissənin sonunda məhz Vüqara qarşı qayda pozuntusuna görə hakim penalti təyin etdi və Orxan Rəcəbov fərqi 1 topa endirdi. İkinci hissənin əvvəlində Əhməd Qurbanov hesabı bərabərləşdirdi. Bu nəticə bizə sərf edirdi. Amma oyunun başa satmasına 17 dəqiqə qalmış qol buraxdıq. Matçın sonuna kimi meydanda “qırğın" gedirdi. Axır ki, hakimin artırdığı 3-cü - sonuncu dəqiqədə istəyimizə çatdıq. Rəqib, meydanın özlərinə aid hissəsində qaydanı pozdu. Qapıya 25-30 metr məsafə var id. Bu, bizim sonuncu şansımız idi. Cərimə zərbəsini Vasif yerinə yetirmək istəyirdi. İcazə vermədim, Nurməhəmmədin vurmasını istədim. Görünür, zənnimdə yanılmamışdım".

Yığmamızın mərhələ keçməsinə rəğmən İslam müəllim ona qarşı olan təzyilərə dözməyərək oyundan dərhal sonra istefa vermişdi. Səbəb təkcə təzyiq deyildi, ölkədə daxili çempionat keçirilmirdi, normal işləmək üçün şərait yox idi... Təsəvvür edin ki, komanda mərhələ oyunlarına “Şəfa"nın süni örtüklü 2-ci meydanında hazırlaşmışdı. Klublar yığmaya futbolçu vermək istəmirdilər və s. Yeri gəlmişkən, U-17 yığması İslam müəllimə 2001-ci ilin payızında tapşırılmışdı. Həmin il 1985-ci il təvəllüdlü futbolçular Macarıstanda keçirilən qrup mərhələsi oyunlarında çıxış edərkən İslam Kərimovun 6 futbolçusu, özü də 1986-cı il təvəllüdlü uşaqlar həmin yığmada oynayırdı deyə, o da 2-ci məşqçi kimi baş məşqçi Siyavuş İbrahimova kömək edirdi. U-17 komandası İslam Kərimova veriləndə AFFA-nın İcraiyyə Komitəsinin 21 üzvündən cəmi 7-i - Vaqif Sadıqov, Boris Xetaqurov, Fətulla Hüseynov, Cəlal Mənsimov, Toğrul Hacıyev, Ağarza Rzayev və AFFA-nın baş katibi Çingiz İsmayılov təyinatı dəstəkləmişdi. Qalanları, başda Valeri Hacıyev olmaqla Kərimova qarşı çıxmışdılar. Lakin Fuad Musayevin təkidi ilə yığma İslam müəllimə tapşırılmışdı. Baş məşqçinin istefasından sonra Fuad müəllim dəfələrlə Kərimovu fikrindən daşındırmaq istəsə də, alınmamışdı. 2003-cü ilin martında Macarıstanda keçirilən növbəti mərhələdə komanda Yaşar Vahabzadəyə tapşırılmışdı. Orada Almaniya, İtaliya və Belçika ilə bir qrupda yer alan yığmamız hər 3 oyunda məğlub olmuşdu.

Yoxa çıxan qəhrəmanlar

Əslində, onların arasında özlərinə yaxşı karyera quranlar oldu. Təəssüf ki, ölkə daxilində. Bir neçəsi legioner həyatı yaşamağa da imkan tapdı. Ya Moldovada, ya da Türkiyənin 1-ci liqasında. Ən yaxşı halda əsas yığmaya düşdülər, yalnız Kamran hələ də yığmanın futbolçusudur. Əksəriyyət isə, futbolla çoxdan vidalaşıb. 14 il əvvəlin qəhrəmanları hesab edilən futbolçular indi nə işlə məşğuldurlar?

Qapıçılardan başlayaq. Kamran Ağayev həmin futbolçular arasında ən çox bəxti gətirəndir. Müxtəlif vaxtlarda “Şəfa", “Turan", “Xəzər Lənkəran", “Bakı", “Qəbələ"nin formasını geyinən qolkiper PTT 1-ci Liqa təmsilçilərindən olan “Kayserispor" və “Karşıyaka"nın da şərəfini qoruyub. Yığmada 59 oyunda meydana çıxıb, qapısından 92 qol buraxıb. 2006-12-ci illər aralığında - “Xəzər Lənkəran"ın futbolçusu olduğu dövrdə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokuna, 1 dəfə isə Birlik Kubokuna sahib çıxıb, 2008-ci ildə ilin futbolçusu seçilib. Hazırda “İnter"də çıxış edir. Yeri gəlmişkən, Kamran 2012-ci ildə qrup mərhələsinin hər 3 oyununda qapını əvəzlənmədən qorumuşdu.

Komandanın 2-ci qapıçısı 1987-ci il təvəllüdlü İlkin Bağıyev 2004/05 və 2005/06-cı illər mövsümündə “Bakı"nın futbolçusu olub və hər mövsümdə cəmi 1 oyunda iştirak edib. Növbəti mövsümü “Simurq"da (2 oyun, -3 qol), daha bir il sonra isə Sumqayıtın “Gənclərbirliyi" komandasında (2,-6) çıxış edib. Daha sonra onu Premyer Liqada görən olmayıb. Komandanın 3-cü qapıçısı Həsən Qədimov da 1987-ci ildə dünyaya gəlib. Həm İlkin, həm də Həsən bir il sonrakı U-17 komandasının üzvü olublar. İlkin Premyer Liqanın “ətrini qoxuyubsa", Həsən ümumiyyətlə, yüksək dəstə üzü görməyib. İlkin futbolla yanaşı, təhsilə də fikir verirmiş. Bəlkə də bu amil onun daha da parlamasına əngəl törədib. O, yüksək balla “Xəzər" Universitetinə qəbul olmuşdu. Hazırda elmlə məşğuldur. Həsən bir ara 1-ci dəstə komandalarında çıxış edib. Deyilənə görə, özəl təhlükəsizlik xidmətlərinin birinin əməkdaşıdır. Digər məlumata görə isə, kiçik bizneslə məşğuldur. Həsənlə bağlı maraqlı bir fakt. O, məşhur xanəndə, Azərbaycan SSR-nın xalq artisti Sara Qədimovanın qardaşı nəvəsidir, 18 yaşına kimi Sara xanımın himayəsində böyüyüb.

Müdafiəçilərdən ən uğurlu karyera Namik Yusifova məxsusdur. Namik müxtəlif vaxtlarda “Şəfa", MKT “Araz", “Neftçi" və “Qarabağ"ın şərəfini qoruyub. Karyerasının əsas hissəsi Ağdam klubu ilə bağlıdır. 2005-ci ildən bu yana daim “Qarabağ"ın əsas heyət futbolçularından biri olan Yusifov bu mövsüm cəmi 2 oyunda forma geyinib. Hələlik “Qarabağ"ın futbolçusudur.

Natiq Qasımovun da başqaları ilə müqayisədə babat karyerası olub. U-19 və U-21 yığmalarında oynayıb. Sonradan soyadını dəyişib, Natiq Əkbərov olub. Müxtəlif vaxtlarda “Şəfa", “Ədliyyə", MOİK, Bakının və Sumqayıtın eyniadlı “Standart" komandalarının uğuru üçün çalışıb. Premyer Liqada son klubu 2011-ci ildə MOİK olub. Daha sonra 1-ci dəstə komandalarından birində oynayıb. Sonuncu komandası “Qaradağ Lökbatan" olub. Ötən il futbolla vidalaşıb. “Montin"də çay evi işlədir.

Elşad Quliyev məşhur futbolçumuz, bir vaxtlar yığmanın əsas üzvlərindən biri olmuş Emin Quliyevin qardaşıdır. Qardaşını İslam müəllimə Emin Quliyev məsləhət görmüşdü və Kərimov da gənc futbolçunu bəyənərək U-17 yığmasına götürmüşdü. Elşadın karyerası böyük qardaşından fərqli olaraq uğurlu alınmadı. 2 müxtəlif mövsümdə cəmi 14 oyunda MOİK-in şərəfini qorudu. Bir ara 1-ci dəstədə də oynadı. Hazırda atası, məşqçi Mais Quliyevin yanında işləyir. Belə ki, “Zəngəzur" futbol klubunun uşaq komandasında məşqçi kimi çalışır.

Yarımmüdafiəçi kimi siyahıya düşən 7 futbolçudan 6-ı yerlilər idi. Onların halına ancaq acımaq qalır. Doğrudur, bəzilərinin yüngülvari karyeraları olub. Amma bununla öyünməyə dəyməz. Vüqar Yusiflidən başlayaq. Vüqar 2002-ci ildə “Beşiktaş"ın futbolçusu idi. Böyük gələcək vəd edən gənc futbolçu İlqar Qurbanovdan fərqli olaraq yığmamızın şərəfini qorumağa razılıq vermişdi. Gözləmək olardı ki, “Beşiktaş" kimi klubun futbolçusu olması onun karyerasına müsbət yöndə təsir göstərəcək. Gəl ki, alınmadı. Vüqar Premyer Liqada 3 mövsümdə cəmi 8 oyuna çıxdı - “Xəzər Universiteti"ndə 1, “İnter"də 5, “Masallı"da 2. Daha çox I Divizionda görünən futbolçu xeyli müddətdir ki, futbolu atıb. İndi Hollandiyada yaşayır.

Nakim Vəliyev o vaxt yığmanın kapitanı idi. Çox istedadlı gənc olub. Təsəvvür edin ki, yığmanın Bakıdakı oyunlarından dərhal sonra tanınmış futbol meneceri İon Karp onu Moldova birinciliyində çıxış edən “Zimbru"ya aparıb. 17 yaşının olmasına baxmayaraq, “Zimbru”da 2 mövsüm əsas heyətdə çıxış edən Nakim daha sonra Rumıniyanın “Otselul" komandası ilə müqavilə bağlasa da, işçi vizası ala bilmədiyinə görə 1 il futbolsuz qalıb. Azərbaycanda “Şəfa" və “Karvan"da oynayıb. Onu bəxtsiz futbolçu hesab etmək lazımdır. 2007-ci ildən bu yana 1-ci dəstə komandalarında oynayır. 5 ildir ki, “Neftçala"nın kapitanıdır.

Vasif Əliyev U-17-dən sonra U-19 və U-21 yığmalarında da çıxış edib. O, “Neftçi"nin veteran futbolçusu Asif Əliyevin oğludur. Premyer Liqada müxtəlif vaxtlarda MOİK (3 oyun, 1 qol), “Gənclərbirliyi" (Sumqayıt) (8), “Gilan" (21, 3), “Bakı" (1), “Bakılı" (19,2), “Standart" (Sumqayıt) (3), “Simurq" (27) və “Kəpəz"də (8) oynayıb. Bir ara “Neftçi"nin futbolçusu olsa da, statistika göstərir ki, “flaqman"ın formasını yüksək dəstədə geyinməyib. Bütün bunlarla yanaşı, Türkiyənin aşağı divizion təmsilçilərindən birində legioner həyatı yaşamağa imkan tapıb. Yaşının futbol oynamağa imkan verməsinə baxmayaraq, karyerasını bitirib. Hazırda “Neftçi"də 16 yaşlı futbolçularla işləyir, “B" kateqoriyalı məşqçidir.

Orxan Rəcəbov da Vasif kimi U-19 və U-21 yığmalarımızın üzvü olub. O dövr üçün Azərbaycanın ən istedadlı futbolçularından biri hesab olunurdu. Lakin böyüdükcə sıradan birinə çevrildi. “Şəfa"dan başqa “Xəzər Universiteti", “İnter", “Simurq" və “Olimpik"in futbolçusu olub. Sonuncu adıçəkilən komandada cəmi 1 oyunda görünən Orxanın son iş yeri Salyanı təmsil edən NBC olub. 2009-cu ildə həmin komandada cəmi 3 oyunda çıxış edən Rəcəblini daha sonra Premyer Liqada gördüm deyən olmayıb. Hazırda Sumqayıtda yaşayır, Sumqayıt şəhər İcra Hakimiyyətində işləyir.

O ki qaldı digər 2 yarımmüdafiəçiyə, onlardan biri Cavid Nəzirli “yuxarı"da cəmi 1 matçda (!) oynayıb. O da 2003/04-cü illər mövsümündə “Xəzər Universiteti"ndə. Cavidin atası respublikada tanınmış alimlərdən biridir. Adını unutmuşam, səhv etmirəmsə, ixtisasca riyaziyyatçıdır. Cavid futbolu təhsilə qurban verdi. Düz də elədi. Orta məktəbi bitirəndən sonra yüksək balla Xəzər Universitetinə daxil oldu. Eşitdiyimə görə, hazırda elmlə məşğuldur.

Cavid yüksək dəstədə 1 oyun oynayıbsa, Elmar Məmmədov ümumiyyətlə, orada olmayıb. Əməkdar məşqçi Tofiq Rzayevin yetirməsi olan 1987-ci il təvəllüdlü Elmar böyük gələcək vəd edən futbolçulardan idi. Belə olmasaydı, 2003-cü ildə yığmanın baş məşqçisi Əsgər Abdullayev onu Serbiya ilə səfərdə keçirilən oyuna aparmazdı. Doğrudur, 2:2 hesabı ilə başa çatan həmin oyunda Elmar oynamamışdı. Amma əsas yığmaya cəlb olunması 17 yaşlı futbolçu üçün uğur hesab edilməlidir. U-17-dən sonra bir ara Ukrayna və Belorusun aşağı dəstə komandalarında oynayıb. Hazırda Ukraynada yaşayır, şəxsi biznesini idarə edir.

Hücumçulardan Vüqar Nadirov, Asif Məmmədov və Elnur Abdullayev futbol azarkeşlərinə yaxşı tanışdır. Hər üçü özümüzə görə özlərinə yaxşı karyera qura bildi. Onlardan yalnız Vüqar əsas yığmada (61 oyun, 4 qol) oynadı. Asif hazırda “Qəbələ"nin futbolçusudur. Vüqarla Elnur isə “İnter"in uğuru üçün çalışırlar. Akşin Həşimovun da işi əvvəl pis getmirdi. Əslən Masallıdan olan Akşin 2005-ci ilə kimi Premyer Liqa komandalarından olan “Dinamo" və MOİK-da oynayıb. Bir daha yüksək dəstədə 2007-2009-cu illər aralığında “Masallı" və NVC-nin heyətində görünüb. Qalan müddətdə isə 1-ci dəstə komandalarında oynayıb. Hazırda “Neftçala"nın futbolçusu olsa da, futbolsuz qalıb. Çünki ötən il “Turan"la oyunda rəqibin futbolçusunu vurduğuna görə 1 il futboldan kənarlaşdırılıb.

Əsgər Abbasovla bağlı onu deyə bilərik ki, 2003/04-cü illər mövsümündə Sumqayıtın “Xəzər" komandasının heyətində 9 oyunda meydana çıxıb. Vəssalam. Tofiq Rzayevin yetirməsi olan Əsgəri U-17-ə Fuad Musayev gətirmişdi. Deyilənə görə, istedadlı futbolçu idi. Karyerasının alınmamasının səbəblərinə gəlincə, bir özü, bir də Allah bilir. Hazırda futzalla məşğul olur, “Ekol"un üzvüdür.

Nəhayət, legionerlərlə bağlı abzas. Komandanın vuran ayağı Əhməd Qurbanov həqiqətən bacarıqlı birisi idi. “Anji"nin yetirməsi olan hücumçu 2005/05-cı illər mövsümündə “Olimpik"in (9 oyun), bir il sonra isə “MKT-Araz"ın (6) şərəfini qoruyub. Qalan vaxtlarda isə Rusiyanın aşağı divizion təmsilçilərində oynayıb. Deyəsən, 2012-ci ildə futbolu buraxıb. Yeri gəlmişkən, Əhməd Azərbaycanın U-21 yığmasının da futbolçusu olub. Nurməhəmməd Murtuzəliyev də 2006-cı ildə 3 oyunda “Olimpik"də oynayıb. U-19 yığmamızın da futbolçusu olmuş Nurməhəmməd haqqında topladığımız məlumat bu qədər. Digər 2 legioner haqqında isə ümumiyyətlə, əlimizə nəsə keçmədi. Bildiyimiz tək budur ki, Akim Seyidəhmədov Dərbənddə doğulub. Atası azərbaycanlıdır. Əbdül Əliyevi isə U-17-ə Vaqif Sadıqov məsləhət görmüşdü.

Onların daha da parlamasına nə mane oldu?

Haqqında bəhs etdiyimiz 17 yerli futbolçunun hər biri bu gün Azərbaycan futbolunun fəxrinə çevrilə bilərdi. Doğrudur, bir neçə futbolçu əsas yığmaya kimi yüksəldi, bəziləri legioner həyatı yaşadı. Amma daha çoxuna nail ola bilərdilər. Onlara nə mane oldu? Nə etməliyik ki, U-17-nin indiki heyətində yer alan futbolçular gələcəkdə sələflərinin aqibətini yaşamasınlar? Bu suallara cavab almaq məqsədilə bir neçə futbol mütəxəssisinin fikrini öyrəndik. U-17 komandasının o vaxtkı baş məqçisi İslam Kərimov bunu ilk növbədə menecerlərimizin fəaliyyətsizliyi ilə əlaqələndirdi. Təcrübəli məşqçinin fikrincə, skautlar, menecerlər istəsəydilər, bir neçə futbolçunu xarici klublara göndərə bilərdilər. Bundan başqa Kərimovun sözlərinə görə, həmin futbolçuların karyeralarının daha yaxşı olmasına həm də şəraitsizlik səbəb olmuşdu: “O vaxt futbola qayğı çox az idi. Pis dövrə düşdülər. Futbola böyük pullar gətiriləndən sonra isə Azərbaycana kütləvi legioner axını başladı. Təsəvvür edin ki, “İnter"in heyətində 16-17 legioner var idi. Digər komandalarda da eyni mənzərə ilə rastlaşmaq olardı".

İkinci sualla bağlı isə İslam Kərimovun fikri belə oldu: “Komandamızda perspektivli futbolçular çoxdur. Hesab edirəm ki, ilk növbədə Premyer Liqada yaş məsələsinə yenidən baxılmalı, reqlamentdə dəyişiklik olmalıdır. Məcburiyyət qarşısında 17 yaşlı 3 futbolçu “18-liy"ə salınmalı, onlardan minimum 2-i oynamalıdır. Yəni, klublarımız bu futbolçulara biganə qalmamalıdırlar. Bu halda 17 yaşlı ən azı 30 futbolçu Preymer Liqada daim oynamaq imkanı qazanacaq. Bu da gələcəkdə onların bir futbolçu kimi yetişməsinə kömək olacaq". 

2002-ci ildə İslam Kərimovun köməkçisi olmuş Yaşar Vahabzadənin fikrində, futbolçu olmaq istəyən hər bir gənc ilk növbədə özündə məsuliyyət hiss etməlidir. Əks təqdirdə nə qədər istedadlı olsa belə, peşəkar futbolçu kimi yetişməyəcək: “O vaxtkı uşaqlardan bir neçəsi indi də Premyer Liqada oynayır. Çoxu isə futbolu ya tez atdı, ya da karyera qura bilmədi. Orxan Rəcəbov çox istedadlı futbolçu idi. Sonradan qəfldən yoxa çıxdı. Və ya müdafiəçi Natiq Qasımovu misal gətirə bilərəm. Bilirsiniz, hər şey insanın özündən asılıdır. Futbolçu olmaq istəyən hər bir gənc ilk növbədə özünə qarşı tələbkar olmalıdır. Bu olmayacaqsa, ondan nəyisə nə qədər tələb etsən, heç nə alınmayacaq. Özünü futbolda sevməli deyilsən, futbolu özündə sevməlisən. Futbolçu olmaq üçün hər əziyyətə qatlaşmaq lazımdır. Görünür, həmin uşaqlar işlərinə ciddi yanaşmadılar. 2004-cü ildən etibarən futbolumuzda vəziyyət düzəlməyə başladı. Yəni, onların peşəkar futbolçu kimi yetişmələri üçün münbit şərait yarandı. Bəziləri bundan istifadə etmədilər. Bizim vaxtımızda, 17 yaşlı futbolçular SSRİ çempionatının 2-ci dəstəsində çıxış edirdilər. İndi isə...

Bu günkü 17 yaşlılara gəlincə, hər şey özlərindən asılıdır. Əziyyət çəksələr, qarşılarına peşəkar futbolçu olmağı məqsəd qoysalar, istəklərinə çatacaqlar".

Məşqçilər Komitəsinin üzvü, 2004-2005-ci illərdə U-17 komandasının baş məşqçisi olmuş Şakir Qəribov isə tam fərqli fikirdədir. 2 il ardıcıl 17 yaşlı yığmaya rəhbərlik etmiş və hər dəfə də komandasına mərhələ keçməyə kömək etmiş Şakir müəllim həmin futbolçuların bir çoxunun şəraitsizliyin qurbanı olduğunu söyləyir: “O vaxt futboldakı vəziyyət indiki kimi deyildi, çətinliklər çox idi. Əgər o vaxt indiki imkanlar olsaydı,  həmin uşaqlar daha da qabağa gedə bilərdilər. İndi futbolçuların oynaması üçün hər cür şərait var. Məşq keçmək üçün meydandan tutmuş təlim-məşq toplanışlarına kimi. Sadəcə, indiki 17 yaşlılar özlərində bir qədər məsuliyyət hiss etsələr, gələcəkdə yaxşı futbolçu kimi yetişə bilərlər".

14 il əvvəl U-17 yığmasının üzvlərinin çoxunun itib-batmasını, üzdə olanların isə daha parlaq karyera qura bilməməsinin səbəbini İslam Kərimov klublarda, Yaşar Vahabzadə futbolçuların özlərində, Şakir Qəribov isə şəraitsizlikdə görür. Əslində, hər 3 mütəxəssis fikirlərində haqlıdırlar. Amma bəzi səbəblər də var. Məsələn, o dövr uşaq futbolunda ixtisaslı məşqçilərin az olması, klublar tərəfindən futbolçulara gözlənildiyindən daha artıq qiymət verilməsi və bu səbəbdən onların legioner həyatı yaşamalarına marağın olmaması... Ən əsası uşaq futbolu ilə bağlı həm federasiya, həm də klublar tərəfindən işlərin düzgün qurulmaması. 14 il əvvəlki 17 yaşlılardan gözlənilənləri tam görə bilmədik. Heç olmasa, indiki gəncləri bada verməyək. Nə qədər gec deyil, keçmişdə buraxılan səhvləri düzəltmək lazımdır. Yoxsa, 14 il sonra bu günkü gənclərə heyfslənəcəyik. Qrup mərhələsini keçməsələr belə.

İlqar TAĞIYEV
“Het-trik news”

Banner