Adil Əliyev: "Hələlik ölkədə beynəlxalq yarışların keçirilməsi məqsədəuyğun deyil"

"Pandemiya tam bitmədiyi üçün dünyada müəyyən qadağalar mövcuddur. Azərbaycanda da bəzi məhdudiyyatlar var. Ona görə də hələlik ölkədə beynəlxalq yarışların keçirilməsi məqsədəuyğun deyil".

Sportline.az xəbər verir ki, bunu Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Milli Məclis sədrinin müavini Adil Əliyev XXVI respublika çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzi ölkələrdə hələ də koronavirus xəstəliyi var: "Bilirsiniz ki, beynəlxalq yarışlar zamanı bütün dövlətlərdən qonaqlar gəlməlidir. Pandemiyanın davam etdiyi ölkələrin təmsilçilərini ölkəyə buraxmaq üçün müəyyən qaydalar tələb olunur. Bu səbəbdən həm dünyada, həm də Azərbaycanda bir az durğunluq var. Yəqin, yaxın gələcəkdə beynəlxalq yarışlar da keçirilər. Az iştirakçısı olan idman növləri üzrə yarışlar təşkil etmək mümkündür. Amma kütləvi yarışların keçirilməsi təhlükəli olduğu üçün buna zaman lazımdır".

2 illik fasilədən sonra kikboksin üzrə ölkə çempionatının keçirilməsinə də toxunan fəxri prezident iştirakçı sayının çox olduğunu söyləyib: "Sevindirici haldır ki, idmançılarımızın yarışlarda iştirak etmək imkanı yarandı. Bu gün federasiyanın çox sayda klubları və onların hamısı ölkə çempionatında iştirak etmirlər. Buna baxmayaraq, idmançı sayı həddindən artıq çoxdur. Bu da onu göstərir ki, Azərbaycanda idmana böyük maraq və istək var. İdmanla məşğul olmaq istəyən insanların sayı güündən-günə artır. Bu da təbii haldır. Çünki Azərbaycan idman ölkəsidir. Ölkədə idmana böyük diqqət və qayğı göstərilir. Bu, hələ pandemiyayadək ölkədə keçirilmiş yarışların sayına və səviyyəsinə, həmçinin idmançılarımızın beynəlxalq turnirlərdəki nailiyyətlərindən görünür. Bütün idmançıları təbrik edirəm. Nəhayət, zallar açıldı, kütləvi yarışlar başladı".

A.Əliyev kikboksçuların bu il 9 - 18 avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarındakı şanslarını da dəyərləndirib: "Hesab edirəm ki, idmançılarımız gözəl nəticə göstərəcəklər. Çünki pandemiya dövründə də fərdi qaydada məşqlər davam edib. Kikboksçularımız bu yaxınlarda Türkiyədəki açıq çempionatda uğurla çıxış ediblər. Orada qazanılan nəticələrdən də hiss olunur ki, idmançılarımız hazırlıqlıdır. Düzdür, İslamiadanın startına hələ var. Yarışadək bir çox idmançı hazır vəziyyətə gətiriləcək. Şərait, diqqət və qayğı varsa, onlar məşq edib İslamiadada uğur qazanacaqlar. Kikboksçuların səviyyəsindən razıyıq. Fikrimcə, Azərbacyanda bütün idman növləri böyük istəklə zalların açılmasını gözləyirdi".