AKF-dən Avropa çempionatındakı insidentlə bağlı rəsmi açıqlama

Monteneqronun Budva şəhərində yeniyetmə və gənc kikboksçuların Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, komandamız yarışa Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev, 1-ci vitse-prezident Ramal Aslanov, vitse-prezident Ədalət Kazımov və baş katib Sadıx Bağırovun rəhbərliyi ilə yollanıb.

Komandamızın turnirdə uğurla çıxış etdiyi bir vaxtda sosial şəbəkələrdə yayılan əsassız məlumat gündəmə gəlib. Bu insident barədə açıqlama almaq üçün AKF-nin 1-ci vitse-prezidenti Ramal Aslanova müraciət etdik.

Eyni zamanda əsas milli komandanın kapitanı olan dünya çempionumuz məsələyə belə aydınlıq gətirdi:

"Sosial şəbəkələrdə əsassız məlumatlar dolaşır. Buna aydınlıq gətirmək istəyirəm. Kadetlərdən ibarət komandamızın köməkçi məşqçisi Əli Cəfərovla israilli məşqçi arasında anlaşılmazlıq olub. Aralarındakı insidentə görə polisə dəvət olunublar və izahatları alınıb. Bundan sonra sərbəst buraxılıblar və arada barışıq olub. Sosial şəbəkələrdə yayılan məlumatlar düzgün deyil. Sadəcə, kiçik bir anlaşılmazlıq olub. Sonda onu demək istəyirəm ki, Azərbaycan Kikboksinq Federasiyasının son illər əldə etdiyi yüksək nəticələr göz önündədir".