“Alman maşını” ilə "toqquşmanın" nəticəsi - LAYİHƏ
SportLine.az dəyərli oxucularına “Yığma komanda: son seçmə mərhələnin analitik-statistik yekunu; AÇ-2020 üçün baza rolunu oynayacaq yığmanın seçimi və formalaşdırılması; yığmanı gücləndirmək imkanı: islahat, yoxsa inqilab yolu?” adlı layihə çərçivəsində altıncı yazını təqdim edir. Budəfəki yazımızda qrupda keçirdiyimiz ən maraqlı oyunlardan birindən bəhs edəcəyik. Yəqin siz də razılaşarsınız ki, Almaniya ilə Bakıdakı görüş doğma meydanda oynadığımız digər qarşılaşmalardan həm baxımlılığına, həm də azarkeşlərin marağına görə xeyli fərqlənirdi. Bunda rəqibin son dünya çempionu olması və heyətində yetərincə tanınmış futbolçular yer alması da böyük rol oynayırdı.
Bizi yenidən ümidləndirməli olan milli
Şimali İrlandiya ilə Belfastdakı qarşılamaşdan sonra qrupda ikinci yeri tutmağa olan ümidlərimiz xeyli azalmışdı. 0:4 hesablı məğlubiyyət bizi reallıqla barışmağa məcbur etmişdi. Prosineçkinin çalışdırıdığı komandamızın gücləndiyini, güclü rəqiblərlə başabaş mübarizə apara biləcəyini düşünməyin tələskənlik olduğu haqda təəssüratlar yaranmağa başlamışdı. Təsadüfdən, yoxsa zərurətdən idi ki, xorvatiyalı mütəxəssisin də işinə məsuliyyəti azalmaqda idi. Əvvəlcədən Prosineçkinin yeni il tətilini başa vurduqdan sonra Bakıya gələcəyi, oradan da Antalyaya yollanacağı bildirilmişdi. Millimizin baş məşqçisi Türkiyəyə təlim-məşq toplanışına yollanan klublarımızın düşərgəsinə baş çəkməli, futbolçuların hazırlığı ilə bilavasitə yerində tanış olmalı idi. Bununla da Prosineçki həm də milliyə namizəd sayılan yeni adları izləməli idi. Çünki, millidə daim yeni adlara ehtiyac duyulduğundan klubların təlim-məşq toplanışları da nəzarətdə saxlanılmalı, istedadlı gənclər düzgün istiqamətləndirilməli idi. Əvvəlki iki mövsümdə yanvar ayını Antalyada keçirən, klublarımızın düşərgəsinə baş çəkən Prosineçkinin bu dəfə xəstələndiyini deməsi, Zaqrebə qayıtması xeyli təəccüblü oldu.
Yığma komandanın qarşısında isə, Belfastdakı uğursuzluqdan sonra çətin missiya dayanırdı. İtirilmiş inamı bərpa etmək, azarkeşləri yenidən ümidləndirmək vacib idi. Almaniya isə belə bir məqamda heç də uğurlu rəqib deyildi. Rəqibin gücü, heyətindəki futbolçuların səviyyəsi haqqında yeni nəsə demək, uzun-uzadı araşdırma aparmaq da tələb olunmurdu. İlk dörd turda 100 faizlik nəticə göstərən “bundestim” öz qapısından top belə buraxmamışdı. Yoahim Lövün çalışdırdığı komanda səfərdə Norveçi 0:3, San Marinonu isə 0:8 hesabı ilə məğlub etmişdi. Doğma meydanda keçirilən oyunlarda isə Çexlər üzərində 3:0, Şimali İrlandiya üzərində isə 2:0 hesablı qələbə qazanılmışdı. Bu nəticələr son dünya çempionlarının yaxşı formada olmasından, Lövün əlinin altında əla ifaçıların toplanmasından xəbər verirdi. Millimizin Almaniya ilə oyunda qələbə qazanmaq şansları isə möcüzəyə bərabər idi.
Löv bizə ehtiyatla yanaşırdı
Azərbaycan millisinin seçmə mərhələyə əla start verməsi, ilk üç oyunda yeddi xal toplaması almanları bizə ehtiyatla yanaşmağa vadar etmişdi. Təsadüfi deyil ki, 3-cü turdan sonra qrupdakı vəziyyətlə bağlı danışan Yoahim Löv Azərbaycanla Bakıda keçiriləcək görüşü qrupun mərkəzi oyunu adlandırmış, yalnız həmin oyundan sonra dünya çempionatına vəsiqə qazanmaq haqda danışa biləcəklərinə işarə vurmuşdu. Almaniyalı çalışdırıcı Azərbaycanla oyun üçün bütün əsas heyət üzvlərinə dəvət göndərmiş, “bundestim” Bakıya ən güclü futbolçularla gəlmişdi. Heyətdəki adlara baxarkən buna bir daha əmin olmaq mümkün idi: Manuel Noyer, Mark-Andre ter Ştegen, Bernd Leno, Şkodran Mustafi, Yonas Hektor, Benedikt Hövedes, Mats Hummels, Antonio Rüdiger, Niklas Süle, Coşua Kimmix, Sebastian Rudi, Sami Xedira, Yulian Brandt, Toni Kroos, Andre Şürrle, Lukas Podolski, Məsut Özil, Tomas Müller, Əmrə Can, Yulian Draksler, Yulian Vayql, Mario Qomes, Leroy Sane, Timo Verner.
Dünyanın ən güclü yığmalarından birinin Bakıya gəlməsi azarkeşlərimiz üçün də əsl bayrama çevrilmişdi. Qarşılaşmanın yazın ilk günlərinə, Novruz bayramından 5 gün sonraya təsadüf etməsi də xoş bir təsadüf idi. Azarkeşlər bayram günlərinin yaxşı əhval-ruhiyyəsini, istirahətlərini futbolda davam etməyi hədəfləyirdi. Oyunun başlamasından bir-neçə gün əvvəl kassadakı biletlər tükənmişdi. AFFA-nın bilet satışına ciddi nəzarət etməsi, bir nəfərə ikidən artıq bilet satılmaması da bunun göstəricidi idi. Bakı Olimpiya Stadionu paytaxtımızda düzənləcək IV İslam Həmrəylik Oyunlarının hazırlıqları üçün təşkilat komitəsinin nəzarətinə verildiyindən millimiz Almaniyanı məşhur hakimimiz Tofiq Bəhamovun adını daşıyan Republika stadionunda qəbul edirdi. Qarşılaşmanın başlamasına saatlar qalarkən stadionun ətrafında əsl ajiotaj yaşanır, azarkeşlərin möhtəşəm qarşılaşmaya böyük maraq göstərdiyi dərhal hiss olunurdu.
Rəşad Sadıqovun qayıdışı və...
Almaniya ilə oyun Rəşad Sadıqovun uzun fasilədən sonra milliyə qayıdışı ilə əlamətdar oldu. Rahid Əmirquliyevdən kapitan sarğısını təhvil alan komandamızın lideri ilk dəqiqələrdən meydandakı yerini tutmuşdu. Kamran Ağayev də adət etdiyimiz kimi “çərçivə”də idi. Müdafiənin mərkəzində Rəşadla yanaşı digər “Qarabağ”lı Bədavi Hüseynov yer alırdı. Prosineçki cinahları Maqomed Mirzabekovla Pavel Paşayevə tapşırmışdı. Qara Qarayevlə Rahid Əmirquliyev də dağıdıcı funksiyasını yerinə yetirməli, rəqibin hücumlarını irəlidə qarşılamaqla müdafiəçilərin yükünü azaltmalı idilər. Dmitri Nazarov uzaqdan zərbələri, Cavid Hüseynovla Əfran İsmayılov isə sürətli cinah keçidləri ilə almanları narahat etməli idilər. Hücumun sivri ucundakı qol ümidimiz isə Ramil Şeydayev idi. Hadisələri qabaqlayaraq qeyd edək ki, almanların "beton" müdafiəsini yarmaq gənc Ramil üçün elə də asan olmadı. Xeyli güc sərf edən Şeydayevin yorulduğu görə Prosineçki onu qarşılaşmanın 66-cı dəqiqəsində “Bursaspor”dan gələn Dəniz Yılmazla əvəzlədi. Ruslan Qurbanovun 81-ci dəqiqədə Əfranın, Eddi İsrafilovun isə, bundan 5 dəqiqə sonra Rahidin əvəzinə meydana çıxması isə xüsusi nəyisə dəyişməyəcəkdi. Çünki artıq həmin dəqiqələrə qədər iş-işdən keçmişdi.
... Dmitri Nazarovun qolu ilə gələn ümidlər
Respublika stadionunun tribunalarını dolduran azarkeşlərin millimizə dəstəyi dərhal hiss olunsa da, komandalar arasındakı səviyyə fərqi də göz qabağında idi. Bu fərqi təkcə əzmkarlıq və azarkeş dəstəyi ilə aradan qaldırmaq çətin görünürdü. Təsadüfi deyil ki, artıq 2-ci dəqiqənin tamamında almanlar ilk təhlükəli hücumu reallaşdırdılar. Tomas Müller sağ cinahla irəliləyib, çətinlik çəkmədən cərimə meydançasına daxil oldu. Onun qapıya paralel ötürmə verməsinə də mane olan tapılmadı. Yaxşı ki, son anda Qara Qarayev topu meydandan çıxarmaqla təhlükənin qarşısını aldı. 15-ci dəqiqədə Mats Hummelsin qapıya doğru təhlükəli zərbəsi də həyacan siqnalından xəbər verirdi. Bundan 3 dəqiqə sonra isə Kamran Ağayev topu tordan çıxardı. Julian Draxler qapıyla üzbəüz olan Andre Şürrleyə dəqiq ötürmə verdi və sonuncu onu tora qovuşdurdu.
Almanların bir qolla kifayətlənmədiyi, hesabı artırmaq istəyi ardıcıl hücumlardan bəlli idi. Belə bir məqamda onları ya əks-hücumda yaxalamalı, ya da həmlələrini mərkəz dairəsində zərərsizləşdirməklə təzyiqi azaltmağa çalışmalıydıq. Rəqib bizi uzun müddət topsuz qoyduğundan bunu həyata keçirmək mümkün olmurdu. Lakin 31-ci dəqiqədə qəfildən bu ssenari dəyişdi. Mərkəzdə topu bir-birinə ötürən almanlar onu qəfildən itirdilər. Fürsəti əla dəyərləndirən Əfran bu hədiyyəni qəbul etdi və sağ cinahla bir qədər irəlilədikdən sonra cərimə meydançasına doğru şığıyan Dmitri Nazarovu “tapdı”. Ötürməni qəbul edən Nazarov onu səliqə ilə ram edəndən sonra qapının uzaq küncünü dəqiq nişan aldı. Azərbaycan millisi bu qolla hesabı bərabərləşdirdi. Vurduğumuz qol həm də almanların seçmə mərhələdə öz qapılarında gördüyü ilk top idi, 9 ay öz qapılarından top buraxmayan qonaqlar ilk dəfə Bakıda məyus oldular. Gözlənilməz qol, mərkəzdə buraxılan kobud səhv Lövü də xeyli qəzəbləndirmişdi.
Bir qol bizə baha başa gəldi
Hesab bərabərlişdikdən sonra almanların daha böyük qüvvə ilə irəli atılacağı, fasiləyə qədər yenidən Kamranı məyus etməyə çalışacağı gözlənilənilirdi. Onlar başa düşürdülər ki, birinci hissədə bunu edə bilməsələr, meydan sahibləri qalan dəqiqələrdə daha sıx müdafiə olunacaq, müxtəlif fəndlərlə, praqmatik futbol elementləri ilə vaxtı uzatmağa çalışacaqlar. Biz də planlarımızı buna uyğun qurmalı, qalan 15 dəqiqədə müdafiədə səhvsiz oynamaqla rəqibin yenidən fərqlənməsinə imkan verməməliydik. Bütün bunlar futbol nəzəriyyəsinin tələbləri idi. Millimizin futbolçuları isə onu əməli olaraq meydanda tətbiq etməli idilər. Bəlkə də özləri də bunu başa düşürdü və Robert Prosineçi də həmin dəqiqələrdə bu cür tapşırıqları onlara çatdırırdı. Amma rəqib bizim düşündüyümüzdən də xeyli güclü olan “alman maşını” idi. Görünür, elə bu səbəbdən də həmin nəzəriyyəni meydana tətbiq etmək, fasiləyə 1:1 hesabıyla yollanmaq mümkün olmadı.
Qol sevincimiz cəmi beş dəqiqə çəkdi. Çoxgedişli kombinasiya ilə mərkəz xəttini bir göz qırpımında keçən almanlar cəmi bir dəqiq ötürmə ilə Tomas Mülleri Kamranla təkbətək çıxardılar. “Bavariya”nın yarımmüdafiəçisi bu fürsəti qaçırmadı. Bu epizodda buraxılan qola görə Kamranı da günahlandırmaq yersiz idi. Qola cavab vermək üçün bir dəqiqə sonra şans qazandıq. Nazarov daban ötürməsiylə cinah müdafiəçisi Pavel Paşayevi zərbə mövqeyinə çıxardı. Sonuncunun elə də qüvvətli olmayan zərbəsindən sonra top Noyerdə qaldı. Az sonra Şeydayevin ötürməsini qəbul edən Əfran cərimə meydançasında topla çox oynayıb, onu qapının üzərindən vurmasaydı, 2-ci qolu vura bilərdik. Fasiləyə minimal hesablı məğlubiyyətlə yollanmağımız belə heç-heçəyə olan kövrək ümidlərimizi qoruyacaqdı. Lakin yorğun görünən futbolçularımız 45-ci dəqiqədə almanların daha bir məhsuldar hücumuna əngəl ola bilmədilər. Hər şey isə adi vəziyyətdən yarandı. Bəlkə də almanların futbolda qazandığı uğurun sirri də elə bundadı. Onlar meydanda soyuqqanlı davranmağı, adi vəziyyəti belə məhsuldar hücuma çevirməyi yaxşı bacarırlar. Qapımıza vurulan 3-cü qolu belə təsvir edə bilərik: sağ cinah müdafiəçisi Hövedes yavaş-yavaş irəliləyir, topu özündən bir qədər irəlidə olan Coşua Kimmixə atır. Onun asmasında sonra isə hamıdan hündürə tullanan Mario Qomez qol vurur.
Bundan sonra futbolçularımızın vəziyyəti dəyişəcəyinə, Noyeri az iki dəfə məyus edəcəyinə inanmaq çox çətin idi. Fasilədən sonra almanların nisbətən sakitləşməsinin, oyunun sürətini aşağı salmasının da səbəbini da bunda axtarmaq lazımdır. Rəqib daha az güc sərf etməyə çalışır, bununla belə topu özündə saxlamaqla tez-tez qapıda Ağayevi, tribunalarda izə minlərlə azarkeşi həyacanlandırırdı. 81-ci dəqiqədə qapımıza vurulan dördüncü qol da əvvəlkilərdən elə də fərqlənmədi. Yenə də az qala yeriyə-yeriyə cərimə meydançamıza qədər gələn Almaniya millisinin futbolçuları topu bir-birinə zərgər dəqiqliyi və əsl alman soyuqqanlılığı ilə ötürürdülər. Son nöqtəni qoyan Dortmund “Borussiya”sının 27 yaşlı hücumçusu Andre Şürrle oldu. Bununla da o, həm də dublunu rəsmiləşdirdi.
Ardıcıl iki oyunda meydandan xalsız ayrılan millimiz Şimali İrlandiyanın Norveçi məğlub etməsindən sonra 2-ci pilləylə də vidalaşdı. Norveçi və San Marinonu məğlub edən çexlər də xallarını səkkizə yüksəltməklə bizi ötməyi bacardılar. Beləcə millimiz dörd turdan sonra 4-cü pillədə qərarlaşdı və qrupdan çıxmaq şanslarını xeyli pisləşdirdi.
Vaqif Sadıqov: “Beyinlərdə inqilab etməli, rəqibin adından qorxmamalıyıq”
Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov bu seçmə mərhələdə millimizin çox yaxından izləyənlərdən biri oldu. Səfər oyunlarına yollanan nümayəndə heyətinin tərkibində yer alan təcrübəli mütəxəssis doğma meydanda keçirdiyimiz oyunları da diqqətlə izləyirdi. Elə bu səbəbdən də bu dəfə müsahib kimi onu seçdik.
Sadıqovdan ənənəvi olaraq seçmə mərhələni dəyərləndirməyi xahiş etdikdə, o da sırf toplanan xallar baxımından “C” qrupundakı çıxışımızı yaxşı adlandıra biləcəyini söylədi.
- Etiraf edək ki, 10 xal bizim üçün qənaətbəxş nəticədir. Bundan daha artığını toplamaq mümkün idimi soruşsanız, o suala da müsbət cavab verərdim. Qrupumuz həqiqətən də mürəkkəb idi. Şanslarımız da oldu. İlklərə imza atdıq: ilk 3 oyunda uduzmadıq, ardıcıl iki qələbə qazandıq, Almaniya millisinin qapısına ilk qolu biz vurduq, onları öz meydanlarında da məyus etdik. Bir çox oyunlarda vacib qollar vurduq. Bütün bunlara baxmayaraq, topladığımız xallar 5-ci pillədə yuxarı qalxmağımıza yetərli olmadı. Deməli, futbolun inkişaf tempi bizdən də daha yüksək oldu, hələ onunla tam ayaqlaşa bilmədik. Çalışmalıyıq ki, bundan da artığını edək, futbolçularımıza qarşı indikindən də tələbkar olaq. Biz bunu dərk edirik. AFFA rəhbərliyi də, mütəxəssislər də başa düşür. Artıq AFFA yeni siyasətin tətbiq olunmasına başlayıb. Millinin yeni baş məşqçisi var və Qurban Qurbanova geniş səlahiyyətlər verilib. İnanıram ki, bunun da effektini gələn seçmə mərhələdə görəcəyik.
- Bizim üçün Belfastdakı məğlubiyyət xüsusilə acınacaqlı oldu. Bu yenilgi ilə sanki ruhdan düşdük, ümidlərimiz azaldı. Siz necə düşünürsünüz?
- Şimali İrlandiya ilə oyunlar bizim üçün çox çətin və uğursuz alındı. Düzgün qeyd etdiniz, Belfastdakı məğlubiyyətin təsirindən uzun müddət çıxa bilmədik. Ondan sonra şanslarımız da xeyli azaldı. Amma Bakıdakı oyunu da unutmamalıyıq. Əminliklə söyləyirəm ki, o oyunda biz məğlubiyyətə layiq deyildik. Millimiz meydandan azı bir xalla ayrılmalı idi. “Qırılma nöqtəsi” daha çox Bakıdakı qarşılaşmanı sayıram. Ən azından burada məğlub olmasaydıq, şanslarımız daha çox qalacaqdı. Onda Çexiya ilə Bakıda 3 xal uğrunda oynayıb, qələbə də qazana bilərdik. Hadisələrin müsbət axarı, rəqiblərin bizə sərf edən nəticələri ilə ikinci yerə şansımız davam edəcəkdi. Məğlubiyyətsiz oyunlar seriyamız Belfastda qırıldı. Bakıda isə yaxşı oynasaq da, uduzduq və şanslarımızı itirdik. Bakıdakı oyun ən azından sübut etdi ki, biz Şimali İrlandiyadan heç də böyük fərqlə geridə qalmırıq.
- Siz də prosesləri diqqətlə müşahidə etmisiniz. O zaman bu suala cavabınız maraqlı olar. Şimali İrlandiya ilə Belfastdakı oyundan sonra Prosineçkinin bizə münasibəti dəyişdi, işinə soyumağa başladı. Belə fikirə düşmək üçün əsas da var. Əvvəlcədən planlaşdırırldı ki, xorvatiyalı mütəxəssis klublarımız Antalyadakı düşərgəsinə yollanacaq, qış hazırlığını izləyəcək. Amma millimizin baş məşqçisi bu planı icra etmədi, Antalyaya getmədi.
- Robert Prosineçki peşəkar məşqçidir. İnanmıram ki, bir oyunda məğlub olmaqda öz işindən soyusun. Bunu heç də düzgün qəbul etmirəm və Prosineçkinin belə fikrə düşməsi də real deyil. Özü də dəfələrlə deyirdi ki, Azərbaycan millisi ilə ilklərə imza atmışam və öz işimi davam etdirirəm. Buradakı işi ilə də bütün Avropada nüfuz qazandı. Düşünmürəm ki, Antalyaya yollanmamasının səbəbi bu məqam idi. Xorvat çalışırdı ki, həm Azərbaycan futbolunun nüfuzunu yüksəltsin, həm də öz işi ilə imic qazansın. Belədə hələ qışdan qarşısına belə bir məqsəd qoyduğu inandırıcı deyil.
- Almaniya ilə oyunla bağlı fikirləriniz də maraqlıdır. Onlarla buradakı oyunumuz Novruz bayramından sonraya təsadüf edirdi. Azarkeşlərdə də, mətbuatda da böyük ajiotaj da var idi. Amma qapımızdan 4 top buraxdıq. “Alman maşını” həqiqətən də söylənildiyi kimi qorxulu və məğlubedilməzdir?
- “Alman maşını” hər nə qədər desək də, onlara qarşı oyunlarımızı xatırlayaq. Həm orda, həm də burda 0:1 hesabıyla uduzarkən cavab qolunu vurmağı bacardıq. Heç də pis təsir bağışlamadıq. İstənilən rəqibə qarşı oynaya bilərik, mübarizə apararıq. Futbolçularımız da bunu isbatladı. Bəlkə də psixoloji cəhətdən hansısa problemlər, rəqibi gözümüzdə həddən artıq böyütməyimiz bəzi məqamlarda həlledici oldu. Hər bir işdə başa düşməliyik ki, reallığı dəyişdirən fərdlər, futbolçulardır. Almaniya bu səviyyəyə çatıbsa, ona çalışaraq, müntəzəm məşqlər edərək nail olub. Biz də onlardan öyrənməli, öz üzərimizdə çalışmalıyıq. Mən hesab edirəm ki, biz futbol oynamağı bacarırıq. Ola bilər ki, ayrı-ayrı epizodlarda fərdi mübarizələri uduzuruq və yaxud 90 dəqiqə eyni tempdə oynamaq bizə çətin olur. Zamanla bu problemlərin də öhdəsindən gəlmək mümkündür. Bu cür rəqiblərlə oyunlar bizim üçün elə bir nümunədir. Sanki bəxtimizdəndir ki, almanlarla püşk bizi tez-tez qarşılaşdırır. Bunun özü də bir şansdır ki, onlara baxaq, nələrsə öyrənək. Klub səviyyəsində artıq o yüksəlişə nail olmuşuq. “Qarabağ” sübut edir ki, heç kimdən çəkinmək lazım deyil. Ən vacibi beyinlərdə inqilab etmək, psixoloji cəhətdən rəqiblərə qarşı lazımınca hazırlanmaqdır. Belə olan halda millimizin də nəticələri nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq, Almaniya kimi rəqiblərdən qorxmayacağıq.
- Bir vacib detal üzərində ayrıca dayanmaq istərdik. Almaniya ilə burdakı oyunda 30-ci dəqiqədə hesabı bərabərləşdirdik...
- Nə soruşacağınızı artıq anladım. Demək istəyirsiz ki, hesab bərabərləşəndən sonra çox tez də qol buraxdıq...
- Bəli, məhz onu soruşacaqdıq. Heç olmasa fasiləyə qədər hesabı qorusaydıq, fərqli nəticə ola bilərdi?
- Əlbəttə ki, ola bilərdi. Çox adi epizodlarda almanların ustalığı öz sözünü dedi. Sizin də yadınızdadır, sonra 81-ci dəqiqəyə qədər Almaniya fərqlənə bilmirdi. Sadəcə, tam təminat vermək olmaz ki, praqmatik oyuna tam meyl etsəydik, qapımızı toxunulmaz saxlayardıq. Komandanın potensialını Prosineçki bizdən qat-qat yaxşı bilir. O da başa düşürdü ki, almanlara qarşı tam açıq futbol oynamaq olmaz. Buna hazır deyilik. Baxmayaraq ki, bəzi dəqiqələrdə heç də rəqibdən geri qalmırdıq. Fasiləyə 1:1 hesabı ilə çıxa bilsəydik, daha fərqli ssenarilə ola bilərdi. Oyunu başqa cür də qurardıq. Hər bir komanda qarşısına müxtəlif hədəflər qoyur, nəticə qazanmağa çalışır. Amma baxır ki, hansı üsulla. Bizim millimiz də məhdud imkanlarla Almaniya kimi rəqibdən xal qoparmağa, ən azından layiqli oyun sərgiləməyə çatışırdı. Rəqibin gücü isə bizə başabaş oynamağa imkan vermirdi. Məğlub olsaq da, biz ən yaxşı oyunlarımızdan birini almanlara qarşı sərgilədik. Mən nəticədən daha çox meydanda baş verənlərdən danışmağa çalışıram. Ola bilər ki, fərdi səhvlərdən qol buraxaq, uduzaq. Tarixi yazan futbolçulardır. Onlar da öz güclərini meydanda qoyurlar. Çalışırdıq ki, rəqibin sürətinə uyğunlaşaq. Almanlar meydanda dəqiqliklə bilirlər ki, kim nə iş görməli, hara qaçmalı, kimə ötürmə verməlidir. Biz də bu səviyyəyə çatmaq üçün çalışmalıyıq.
- Sonuncu sualımız şəxsən sizin özünüzlə bağlıdı. Bizim futbolçuların standart vəziyyətlər zamanı zəif görünməsi məlum həqiqətdir. Künc zərbələrini və standartları boşa veririk. Amma sizin bilavasitə bizim futbolçulara öyrətdiyiniz özünəməxsus künc zərbəsi vuruşu var. O üsulla biz Türkiyəyə qol vurmuşuq, tarixi nəticə qazanmışıq. Klublarımız da bundan yararlanır. Necə bilirsiz, yeni bir ixtiraya ehtiyac var? Bəlkə bundan sonra standartları, kornerləri boşa vermərik...
- Yaxşı ki, bunu xatırlatdınız. Amma unutmayın ki, hər bir tapşırığı uzun müddət sınaqdan çıxarmaq, dəfələrlə məşq etmək, onu futbolçuların beyninə yeritmək lazımdı. Buna qadir məşqçilərimiz də var, ağıllı futbolçularımız da. İnşallah, yenisini də taparıq. Futbol bu gün dünyada inkişaf edir, biz də onunla ayaqlaşmalıyıq. “Azərbaycansayağı künc zərbəsi”ni biz 1994-cü ildə tətbiq etməyə başlamışdıq. İndiyə kimi də faydasını görmüşük. Mənim rəhbərliyim altında futbol oynamış Yaşar Vahabzadə U-21-i çalışdıranda Omana qarşı oyunda bir vaxtlar məşqlərdə sınadığımız üsulu tətbiq etmişdi. Elə o cür yenilikdən də qol vurmuşduq. Bəzən səfərlər zamanı futbolçular məndən soruşur ki, künc zərbəsi zamanı ucaboy rəqiblərə qarşı necə oynayaq? Cavabım sadədir; vaxtında irəli çıxmaq və rəqibi oyundan kənar vəziyyətə salmaq. Hər bir oyun üslubuna qarşı nəsə qurmaq olar. Hücumda da, müdafiədə də yenilik edə bilərik. Bunları dəfələrlə məşqlərdə sınamaq və həyata keçirmək mümkündür. Özümdə bununla bağlı nəzəriyyələr var. Təəssüf ki, onları sınamaq üçün imkan olmayıb.
Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla söhbətimizdə bir çox maraqlı məqamlara toxunduq, məğlubiyyətin səbəblərini araşdırdıq. Eyni zamanda daha yaxşı nəticələr qazanmaq üçün nələrin tələb olunduğunu öyrəndik. Yazılarımız və araşdırmalarımız davam edəcək.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir