AFFA-nın yaranma tarixi və ilk addımları – LAYİHƏ
SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həll yollarının göstərilməsi; futbolumuzun tarixi: heç kim və heç nə unudulmur; qadın futbolunun durumu və mövcudluq perspektivləri” adlanan layihə çərçivəsində 6-cı yazını təqdim edir.
Ötən yazımızda Tovuzun “Turan” klubunun tarixindən söz açmışdıq. Bu dəfə isə AFFA-nın yaranmasından bəhs edəcəyik. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məhz mart ayında yaradılıb. Düz 26 il əvvəl 1992-ci ilin martın 26-da Azərbaycanda futbolun təşkilatlanması, müstəqilliyini yenicə bəyan edən Azərbaycanın dünya futbol ailəsinə daxil olması üçün ilk toplantı keçirilib, əməli addımların atılmasına başlanılıb. AFFA assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatı kimi, 3 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 775 nömrə ilə qeydə alınıb. AFFA-nın ilk prezidenti Fuad Musayev, ilk vitse-prezidenti Fətullah Hüseynov, ilk baş katib isə məşhur hakim Tofiq Bəhramov seçilib.
Təsis konfransı keçirildikdən sonra qarşıda növbəti mərhələr dayanırdı. Vaxt itirmədən UEFA və FİFA-ya üzv olmaq, özünü SSRİ-nin xələfi elan edən Rusiyanın azərbaycanlı futbolçuları öz yığmasında oynatmasını əngəlləmək üçün milli komandanı formalaşdırmaq lazım idi. Müstəqil ölkə kimi ilk addımlarımızı atmağımız, ağır müharibə şəraitindəki bir çox çətinliklər səbəbindən təxminən iki ilə qədər uzanan proseslər 1994-cü ilin mayında yekunlaşdı. AFFA UEFA-nın Vyanada keçirilən 22-ci konqresində Avropanın futbol ailəsinə rəsmən üzv oldu. Bir ay sonra FİFA-nın Çikaqoda keçirilən 49-cu konqresində isə FİFA-nın tamhüquqlu üzvü kimi tanındıq.
Tarixi hadisələr barədə yazarkən adətən iki üsuldan yararlanmaq mümkündür. Ya mənbələri araşdırır, indiyə qədər mövcud olan yazılara əsaslanırsan. Ya da ki, həmin tarixin canlı şahidlərini danışdırıb, onların fikirlərini yeni yazıya çevirirsən. Tarixin canlı şahidləriylə danışmaq imkanımız olduğundan biz də bu fürsəti əldən vermədik. AFFA-nın yaradıcılarından sayılan və ilk prezidenti olan Fuad Musayev, eləcə də vitse-prezident Fətullah Hüseynovla Tofiq Bəhramov artıq dünyasını dəyişib. Belədə ilk müsahib kimi Çingiz İsmayılovu seməyimiz təsadüfi olmadı. Azərbaycan futbolunun tarixi ilə bağlı bir çox proseslər onun bilavasitə iştirakı və ya şahidliyi ilə yaşanıb. Deməli, onun fikirlərinin yazılmasına, tarixdə qalmasına böyük ehtiyac var. Ötənlərin tanınmış qapıçılarından sayılan Çingiz müəllim uzun müddət idman jurnalistikası sahəsində çalışıb, dövlət televiziyasında və radiosunda şərhçiliklə məşğul olub. Bununla yanaşı “Neftçi”nin rəisi kimi də əmək sərf edən İsmayılov AFFA yaranandan təşkilati işlərin içində olub, 10 ilə yaxın AFFA-nın baş katibi vəzifəsini daşıyıb.
Çingiz İsmayılov: “Qısa müddətdə həm çempionatı başlamalı, həm də yığmanı formalaşdırmalı idik”
Çingiz müəllimlə birlikdə tarixin səhifələrini vərəqlədik, o günləri xatırladıq. Məlum oldu ki, AFFA-nın yaranması yetərincə mürəkkəb günlərə təsadüf edib. Həmişəki kimi maraqlı həmsöhbət olan İsmayılovun xatirələrini dinlədikcə o tarixi günlərə qiyabi səyahət etmək mümkündür:
İstərdik ki, sizi 26 il əvvələ qaytaraq. AFFA necə yarandı?
- AFFA-nın yaranması bir günün içində ortaya çıxan məsələ deyildi. Həmin günləri çox yaxşı xatırlayıram. SSRİ dağılmaq üzrə olandan bizim futbolumuz çətinlikləri hiss etməyə başlamışdı. Bizə müxtəlif təzyiqlər var idi. “Neftçi”nin doğma meydanda oynamasına belə icazə vermirdilər, futbolçularımızı Moskvaya, digər şəhərlərə qaçırtmaq istəyirdilər. Hiss edirdik ki, belə davam etməyəcək. 1987-ci ildə “Neftçi” son 10 ildə ilk dəfə birinci “10-luğa” düşmüşdü. Böyük uğurlar qazanmağa qadir nəsil yetişmişdi. Bütün bu proseslər başladı, ara qarışdı. 1991-ci ildə hadisələr özünün pik nöqtəsinə çatdı. Əvvəlcə Baltikyanı respublikalar və Ukrayna SSRİ çempionatında oynamaqdan imtina etdi. Daha sonra Gürcüstanla Ermənistan eyni yolu tutdu. Qalırdı Orta Asiya təmsilçiləri, Rusiyanın özü və Azərbaycanla Moldova. 1992-ci ilin martında Moskvada toplantı keçirildi. Mən “Neftçi”nin rəisi kimi həmin yığıncağa qatılmışdım. Ruslar çalışırdılar ki, təqvimi təsdiqləsinlər və qalan respublikalarla birlikdə çempionatı keçirsinlər. Həmin vaxt ərəblər də gəlmişdi. Onlar Moskvada bir komanda yaradıb, çempionata qatılmaq istəyirdilər. Amma baxdılar ki, adlı-sanlı komandaların heç birisi iştirak etməyəcək və çempionat maraqsız alınacaq. Belədə ruslar da fikirlərindən daşındılar və özlərinin çempionatlarını təşkil etməyə qərar verdilər. SSRİ dövründə hər respublikanın futbol federasiyası var idi. Lakin bu federasiyalar şöbə statusu daşıyırdılar, müstəqil qurum deyildilər. Çünki SSRİ-nin özünün federasiyası fəaliyyətdə idi və UEFA, FİFA tərəfindən tanınırdı. Azərbaycan Futbol Federasiyasının rəisi bu hadisələrə qədər Kamal Axundov idi. Dərhal Bakıda iclas çağırıldı. Yeni və müstəqil futbol qurumunun yaradılması üçün təşkilati işlər görülməli idi. Biz qısa zamanda yeni təşkilat yaratmalı, üzvlüklə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlamalı idik. Çempionat keçirilməli, yığma komanda formalaşdırılmalıydı. Yoxsa uzun zaman fəsadlarını hiss edəcəyimiz zərbə alacaqdıq. Futbol təsərrüfatımız, klublarımız, çempionatımız dağılacaqdı. Təcili nizamnamə və əsasnamə hazırlandı. Təşkilat komitəsinin iclasına sədrliyi Fuad Musayev edirdi. Xeyli fəallıq göstərənlər arasında Rauf Adıgözəlovun, Məlik Həsənovun adını çəkə bilərəm. İştirakçılar keçmiş futbol şöbəsinin işçiləri və Azərbaycan çempionatında iştirak edən komandaların nümayəndələri idi. Hamı təsis konfransında yığışdı və AFFA yaradıldı. Fuad Musayev də yekdilliklə yeni yaradılan AFFA-nın prezidenti seçildi. Həmin vaxt SSRİ-nin dağılması ilə əlaqədar FİFA-nın xüsusi bir qərarı olmuşdu. Bu qərar futbolçulara özünə vətəndaşlıq, yəni milli komanda seçmək hüququ verirdi. Onlar istənilən respublikanın yığmasında oynaya bilərdilər. Amma seçim etmək şansı bir dəfə idi. Misal üçün, biz Moskvadan, Moldovadan futbolçu axtara bilərdik. Belə etmədik. Özümüzün yetərincə yaxşı futbolçumuz var idi. Aleksandr Jidkovu daha əvvəldən “Neftçi”yə cəlb etmişdik. Bizim öz yerli futbolçularımız da SSRİ-nin digər respublikalarında oynayırdılar. Şahin Diniyevin, Vəli Qasımovun, Nazim Süleymanovun adını çəkə bilərəm. 15 respublikanın 14-də azərbaycanlı futbolçulara rast gəlmək mümkün idi. Çünki 80-ci illərin sonunda Azərbaycanda uşaq futbolu xeyli inkişaf etmişdi. Yeniyetmələr və gənclər arasında keçirilən Avropa, dünya çempionatlarında medal qazanan SSRİ yığmasının heyətində azərbaycanlılar müntəzəm yer alırdı. Bundan bir-neçə il əvvəl “Neftçi”nin yetirməsi Ponomoryov olimpiya çempionu da olmuşdu. Demək istəyirəm ki, bizim yaxşı futbolçularla bağlı problemimiz yox idi. Ona görə də başqalarını ələ keçirmək yox, özümüzküləri itirməmək üçün təcili komanda yaratmağa başlamışdıq. Çempionatın təşkili ilə yanaşı yığmanın da formalaşdırılmasına diqqət ayırmalıydıq. Təcili oyun keçirmək və onun protokolunu FİFA və UEFA-ya göndərmək lazım idi. Belədə ruslar və digərləri bizim futbolçulardan əllərini üzməli olacaqdılar. Çempionat və yığmayla bağlı təşkilati işlər yekunlaşandan sonra sənədlər beynəlxalq qurumlara göndərilməli idi ki, onlar da bizim üvlük məsələmizə baxsınlar.
İlk oyunu 1992-ci ilin sentyabrın 17-də Gürcüstanla səfərdə keçirdik. 3:6 hesabıyla məğlub olsaq da, əsas məqsədimizə çatdıq. Protokola 24 futbolçunun adını daxil etmişdik və həmin futbolçular artıq rəsmən Azərbaycan millisinin üzvləri sayılırdı. UEFA-da iclas keçirildi və biz tamhüquqlu yox, müşahidəçi statusu ilə üzvlüyə qəbul etdilər. Proses xeyli uzandı və yalnız iki ildən sonra yekunlaşdı. 1994-cü ildə Amerika Birləşmiş Ştatlarında təşkil olunan dünya çempionatından əvvəl Çikaqo şəhərində FİFA-nın Konqresi keçirildi. Bizi orda FİFA-ya tamhüquqlu üzv qəbul etdilər, dünyanın futbol ailəsinə daxil olduq. Azərbaycanın üçrəngli bayrağı FİFA-nın qərargahı qarşısında qaldırıldı. Yalnız bundan sonra seçmə mərhələlərdə iştirak etməyə başladıq. İlk iştirak etdiyimiz rəsmi yarış da “Avro-96”-nın seçmə mərhələsi olub.
- Səhv etmirəmsə, həmin seçmə mərhələyə də səfərdə Rumıniyaya qarşı oyunla start verdik…
- Bəli, düzgün qeyd etdiniz. Təəssüflər olsun ki, ilk rəsmi oyunda 0:3 hesabı ilə uduzduq. Amma nəticə oyuna görə olmadı, inanın mənə. Anqel İordeneskunun komandasında dünya çempionatında uğurlu çıxışıyla hamını təəccübləndirən Hacı və digər məşhur futbolçular toplaşmışdı. Birinci hissədə hesab açılmadı. Rumınlar xeyli həyacanlı idi. Onlar xeyli aqressivləşmişdi, qol vurmaq üçün tələsirdilər. İlk oyunun həyacanı, təcrübəsizlik öz sözünü dedi. Nəzərə almaq lazımdır ki, Azərbaycan millisində yaxşı futbolçular çıxış etsə də, biz vahid kollektiv kimi formalaşmamışdıq. Hansısa təlim-məşq toplanışından, yoxlama görüşlərindən söhbət gedə bilməzdi. Belədə 0:3 hesabıyla məğlubiyyətdən qaça bilmədik. Rumıniya millisinin üzvləri bir-birini gözüyumulu başa düşürdülər. Onlar bir-neçə ay əvvəl dünya çempionatında birlikdə çıxış etmişdilər. Üstəlik, əksəriyyəti də Buxarest “Styaua”sında oynayırdılar. Belə şərtlər altında ilk hissəni bərabərsəviyyəli mübarizə aparmaq özü böyük hünər idi.
“Qazaxıstanın sonradan UEFA-ya gəlməsi bizim düzgün kurs götürdüyümüzü sübut etdi”
- Necə oldu ki, Azərbaycanı UEFA-ya qəbul etdilər, Asiyaya göndərmədilər. Bəzi məlumatlar var ki, ilk vaxtlar fikir ayrılığı da yaranıb.
- Bəli, bu cür müzakirələr aparılırdı. Öz içimizdə də belə düşünənlər var idi. Onlar iddia edirdilər ki, Asiyada oynamaqla daha tez qələbələr qazanarıq. Çünki orda Avropadakı kimi çətin rəqiblər yoxdur. Fuad Musayev artıq AFFA-nın prezidenti seçilmişdi. Qəti şəkildə etiraz elədi. O bildirdi ki, Asiyada olanlar özləri Avropadakı rəqiblərlə qarşılaşmağı arzulayırlar. Bununla da biz güclü rəqiblərlə qarşılaşa, onlardan öyrənə bilərik. Asiyaya getsək, itib-batacağıq. Həmin vaxtlar Asiyada futbol daha zəif idi, indiki səviyyəsindən xeyli uzaq idi. Sizə bir məqamı deyim. 1988-ci ildə Yaponiyanın olimpiya yığması ilə “Neftçi” Bakıda oynadı və onları böyük hesabla məğlub etdik. Yaponiya, Cənubi Koreya komandaları tez-tez Avropaya səfər edirdilər, çalışırdılar burdan nəsə görüb-götürsünlər. Buna görə də Asiyaya dünya çempionatlarında az yer verirdilər.
- UEFA-nın özündən bu məsələylə bağlı hansısa müdaxilə olurdumu?
- Düzünü deyim ki, yox. Axı, o vaxtı biz siyasi cəhətdən də özümüzü Avropa hesab edirdik, oranın təşkilatlarına qoşulurduq. Bəzi komandalarımız özləri Asiyaya can atırdılar. Avropanın adı onları qorxutmuşdu. Özünüz gördünüz ki, Qazaxıstan əvvəlcə Asiyanın Futbol İttifaqına üzv olmuşdu. Sonra inkişaf etməyəcəklərini başa düşdülər, UEFA-ya gəldilər. Deməli, biz vaxtında Avropaya doğru kurs götürməklə düzgün etmişik. Avropada oynamaq hər cəhətdən yaxşıdır. Amma gərək strukturunu, məktəbini də onların səviyyəsinə uyğun qurasan. “Qarabağ” Çempionlar Liqasının qrupuna yüksəldi. Çempionumuzun 19 yaşadək futbolçuları da qitə səhnəsinə çıxdılar, böyük klublardakı şəraiti də gördülər. İnkişaf bu cür mümkündür.
- Sizin öz fəaliyyətinizlə bağlı soruşmaq istərdik. AFFA-nın ilk baş katiblərindən biri olmusuz. Bu strateji posta təyinatınız necə baş verdi?
- Mənim ömrümün böyük bir hissəsi futbolda keçib. Sanki dünyaya elə futbolla göz açmışam. 1956-cı ildən üzübəri futboldayam. Əvvəl futbolçu kimi başlamışam. Hələ “Neftçi”də oynayarkən də ictimai işlərdə fəallıq göstərirdim. Klubda komsomol komitəsinin katibi seçilmişdim. 1967-ci ildə futbolçu karyeramı başa vurub televiziyada çalışmağa başladım. Dövlət televiziyasında ilk vəzifəm də redaktorluq olub. 1987-ci ilə qədər, təxminən 20 il televiziyada çalışdım. Baş redaktorun müavini vəzifəsinə qədər yüksəlmişdim. 1987-ci ildə “Çermet” zavodunun direktoru məni yanına çağırdı. Həmin vaxt “Neftçi”ni bu zavodun himayəsinə vermişdilər. Fuad Musayev də şəhər partiya komitəsinin 1-ci katibi idi, futbola kuratorluq edirdi. Musayevin məsləhətiylə məni “Neftçi”yə çağırdılar. Düzü, getmək istəmirdim. Çox çətin dövr idi, “Neftçi”də tez-tez dəyişiklik baş verirdi. Mənə dedilər ki, Fuad Ənvəroviçin xüsusi tapşırığıdır. Dedim ki, bir il sonra məni çıxaracaqsız, nəticələr pis olduğuna görə mən günahkar olacam. Heç kimə 3-4 il “Neftçi”də rəis olmağa imkan vermirdilər. Televiziyada Elşad Quliyev rəhmətlik məni çağırdı, dedi ki, onlar mənim yerimi saxlayırlar, nə vaxt geri dönmək istəsəm, öz işimə qayıda bilərəm. Ona da Fuad Musayev zəng edib tapşırmışdı. Razılıq verməkdən başqa yolum yox idi. 1987-ci ilin yanvarında əmrim verildi, “Neftçi”nin rəisi kimi işə başladım. Düz 1994-cu ilə qədər bu vəzifədə çalışdım. AFFA-nın ilk baş katibi rəhmətlik Tofiq Bəhramov idi. Bəhramovu hamımız məşhur hakim kimi tanıyırıq. O, bu postda uzun müddət çalışmadı. 1994-cü ildən 2002-ci ilin dekabrına kimi mən AFFA-nın baş katibi vəzifəsini tutmuşam. O vaxtdan bəri də təqaüddəyəm. AFFA-da böyük dəyişikliklər baş verdi. Bakıda ondan narazı olanlar çox idi. Amma UEFA-da Musayevi dəstəkləyirdilər. Bu səbəbdən də proses xeyli mürəkkəbləşdi, uzandı. Biz də, futbolumuz da çətin günlər yaşadıq. Sonra UEFA-dan nümayəndələr gəldi. Razılıq əldə olundu ki, prezidentlə baş katib yerində qalır, amma AFFA-nın İcraiyyə Komitəsinə yenidən seçkilər keçiriləcək. Bu da belə oldu. Sonra Fuad Musayevin səlahiyyət müddəti də başa çatdı. Bir şeyə təəssüf edirəm ki, mənim təcrübəmdən, bilik və bacarığımdan Azərbaycan futbolu üçün yararlanmaq istəmirlər. Erməni Nikita Simonyan məndən 9 yaş daha böyükdü. İndi də Rusiya Futbol İttifaqının birinci vitse-prezidentidir. Mənə isə 15 ildir ki, “təqaüdçü” adı verilib (gülür). Futbolumuzu yaxından izləyirəm. Eləcə də digər idman növlərini. Hazırda böyük diqqət, maddi dəstək var. Dövlətimiz futbola yaxından qayğı göstərir. Bizim dövrümüzü indiki ilə müqayisə etmək olmaz. O vaxt hələ ilk addımları atırdıq. Şərait, pul yox idi. Bir müddət də daxildə problemlər, intiriqalar yaşandı. Keçmişə baxanda sevinirəm ki, o çətin günlərdə mən də AFFA-nın yaradılmasında iştirak etmişəm. Əlimdən gələni etmişəm ki, Azərbaycan futbolu irəli addımlasın, dünyada bizi tanısınlar, adımızı yüksəkdən eşitsinlər. Məhdud imkanlarla bacardığımız qədər böyük işlər görmüşük. Biz iddia edə bilməzdik ki, AFFA yaranan kimi millimiz böyük turnirlərin final mərhələsinə yüksəlsin, klublarımız avrokuboklarda önünə çıxanı məğlub etsin. İlkin mərhələdə qarşımıza qoyulan məqsədlərə çatmağı bacardıq.
Çingiz İsmayılova xatirələrini bizimlə bölüşdüyü üçün minnətdarlıq edib onunla söhbətimizi tamamladıq. Amma mövzumuz davam edir. Növbəti yazımızda AFFA-nın yaranma tarixi ilə bağlı o günlərin daha bir canlı şahidi ilə söhbətimizi sizə təqdim edəcəyik.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir