Azərbaycanın avrokuboklarda ilk təmsilçisi “Turan” necə yarandı?  – LAYİHƏ

SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həll yollarının göstərilməsi; futbolumuzun tarixi: heç kim və heç nə unudulmur; qadın futbolunun durumu və mövcudluq perspektivləri” adlanan layihə çərçivəsində 5-ci yazını təqdim edir.

Layihəmizin əsas istiqamətlərindən birinə uyğun olaraq bu dəfə unudulmayanlardan danışacağıq. Bəli, heç kim və heç nə unudulmur. İlklərə imza atanlar, Azərbaycan tarixinin istənilən sahəsində şərəfli səhifələr yazanlar unudulmamalıdır. Tovuzun “Turan” klubu da unudulması mümkün olmayanlar sırasındadır. Ölkə futbolunda özünəməxsus izi olan, neçə-neçə istedadlı yetirməsi ilə öyünən, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil etməsi ilə tarix yazan “Turan” unudulmamalıdır.

14 fevral tarixinə Azərbaycanda fərqli yanaşmalar var. Kimi üçün bu tarix “Sevgililər günü”, bəzirləri üçün sıradan bir gündür. Amma tovuzlu futbol azarkeşləri üçün 14 fevralın əlamətdar olduğu şübhəsizdir. Çünki ilk dəfə məhz 1992-ci ilin fevral ayının 14-də Tovuzda futbol klubunun yaradılmasına və onun adının “Turan” olmasına qərar verilib. Bütün müzakirə və sənədləşmələr cəmi 9 günə yekunlaşıb, artıq fevralın 23-də Ədliyyə Nazirliyinə rəsmi qeydiyyat üçün müraciət olunub. Beləliklə, 1992-ci ilin mayında start götürən 1-ci Azərbaycan çempionatının iştirakçıları arasında Tovuzu təmsil edən “Turan” da yer almağı bacarıb. Özü də yeni yaranan komanda qısa müddətdə iddialılardan birinə çevrildi. Çempionatın sonunda 56 xal toplamağı bacaran “Turan” lider “Neftçi”dən altı, 2-ci yerdəki Sumqayıt “Xəzər”indən cəmi bir xal geri qalaraq bürünc medallara sahib çıxdı. Növbəti çempionatda “Turan” daha uğurlu çıxış etdi. Lider “Kəpəz”lə eyni sayda, yəni 30 xal toplamasına baxmayaraq, topların fərqinə görə gümüş medallarla kifayətləndi. Atalar dediyi kimi, 3-cü cəhddə “Turan” öz məqsədinə çatdı. 1993-94-cü il mövsümündə aktivində 50 xal olan tovuzlular “Qarabağ”ı bir xal qabaqlayaraq qızıl medalları boyunlarından asdılar.

Həmin vaxt Azərbaycanın ən yaxşı futbolçuları “Turan”ın heyətində cəmləşmişdi. Məhz bu çempionluq sayəsində “Turan” Azərbaycanın avrokuboklardakı ilk iştirakçısına çevrildi. UEFA həmin vaxt Azərbaycana cəmi bir vəsiqə ayırdı və çempionumuz UEFA kubokunda iştirak etmək hüququ qazandı. Beləcə 1994-cü ilin avqust ayının 9-da “Turan” İstanbulun məşhur “Şükrü Saracoğlu” stadionunun qazonuna ayaq basmaqla Azərbaycan futbolu tarixinə yeni və silinməz bir səhifə yazdı. Düzdür, oyunun nəticəsi heç də bizim üçün ürəkaçan olmadı və “Turan” adlı-sanlı “Fənərbaxça”ya 0:5 hesabı ilə uduzdu. Amma nəzərə almaq lazım idi ki, “Fənərbaxça” ilə “Turan”ı heç cür müqayisə etmək olmazdı. Müharibə şəraitində yaşayan Azərbaycanın əyalət təmsilçisi İstanbulun ən varlı və zəngin ənənələrə malik klublarından biri ilə başabaş mübarizə aparmaq gücündə deyildi. Tovuz stadionu UEFA-nın tələblərinə cavab vermədiyinə və cəbhə bölgəsində yerləşdiyinə görə cavab qarşılaşması Sumqayıtın Mehdi Hüseynzadə adına stadionunda keçirildi. Avqustun 23-ə təsadüf edən həmin görüşdə də “Fənərbaxça” qələbəyə sevindi. Azərbaycan çempionu rəqibin vurduğu iki topa cavab verə bilmədi.

Növbəti Azərbaycan birinciliyində “Turan” gümüş medalları qazandı. Çempion “Kəpəz” “Turan”ı iki xal qabaqlamağı bacarmşdı. Həmin vaxt “Kəpəz”in aktivində 42, “Turan”ın isə 40 xalı var idi. Maraqlıdı ki, 1995/96-cı illər mövsümündə də bu xal fərqi qorundu. Bu dəfə Gəncə komandası 43, “Turan” isə 41 xal toplamışdı. Amma çempion “Xəzri”nin xalı 47 olduğundan “Kəpəz”lə “Turan”ın da medallarının əyarı dəyişmişdi. Bu bürünc medal hələlik “Turan” üçün sonuncudur. Komanda o vaxtdan bəri Azərbaycan çempionatında mükafatçılar sırasına adını yazdıra bilməyib.

1992-ci ildən 2013-cü ilə qədər “Turan” adlanan Tovuz komandası bir müddət “Turan-T”-yə çevrildi. 2014-cü ildən isə adını “Turan Tovuz”a dəyişdirdi. O vaxtdan bəri bu adla çıxış edən komanda birinci divizionda mübarizə aparır. Belə ki, Tovuz təmsilçisi 2012-2013-cü illər mövsümünün nəticələrinə görə Premyer Liqanı tərk eməli olub. Ötən mövsümün “Turan Tovuz” birinci divizionun qalibi kimi elitaya vəsiqə qazansa da, lisenziyalaşdırmanın tələblərinə cavab vermədiyi üçün Premyer Liqaya buraxılmadı. Bu səbəbdən də komandada ruh düşkünlüyünün yarandığı, futbolçuların motivasiyasının azaldığı açıq-aydın hiss olunur. Əsgər Abdullayevin başçılıq etdiyi kollektiv hazırda divizionun liderlərindən xeyli uzaqlaşıb, ortabablar sırasında yer alır.

“Turan”ın formasını geymiş məşhur futbolçular arasında Nizami Sadıqov, Sakit Aliyev, Nadir Nəbiyev, Ruslan Abbasov, Rəşad Sadıqov, Eltay Aslanov, Musa və Qurban Qurbanovlar, Hüseyn Məhəmmədov, Kənan Kərimov, İlham Məmmədov, Romal Hüseynov, Tərlan Əhmədov, Vidadi Rzayev, Aftandil Hacıyev, Hüsynqulu Quliyev, Məqsəd Yaqubəliyev, Rüfət Quliyevin adı var. Komandada ən çox oyun keçirən futbolçular isə Nizami Sadıqov və artıq dünyasını dəyişmiş Sakit Alıyevdir. Musa Qurbanov “Turan”ın heyətindəv vurduğu 36 qolla Azərbaycan çempionatının ən yaxşı bombardiri olub. Komandanın qapıçısı Nizami Sadıqov isə BFSF-nin reytinqində 1106 dəqiqəlik quru seriyayla dünyada 19-cu nəticəni göstərib, vurduğu qolların sayına görə ilk 10-luqda yer alıb (19 qol).

Vidadi Əhmədov: “Turan”ı yaratmaqla ermənilərdən qorxmadığımızı göstərdik”

“Turan”ın adı həmişə Vidadi Əhmədovla yanaşı çəkilib. Klub yarandığı gündən, yəni, 1992-ci ildən onun prezidenti olan Əhmədov 2002-ci ildə postundan ayrılıb. Elə “Turan”ın bütün uğurları da bu 10 illik zaman kəsiyində qazanılıb, bir çox tarixi uğurlara imza atılıb. Biz də Vidadi Əhmədovla söhbətimizdə birlikdə həmin günlərə qiyabi səyahət etdik, maraqlı məqamları onun dilindən eşitdik.

 - Bu günlərdə “Turan”ın yaranmasının 26-cı ili tamam oldu. Əvvəlcə sizi bu münasibətlə təbrik edirik. Həqiqətən də o dövr üçün böyük işlər görmüsünüz. “Turan” sizin həyatınızın bir parçasına çevrilib və o parçanı yetərincə yüksək yerlərə daşımağı, adını ucaltmağı bacarmısınız. O günləri necə xatırlayırsınız? “Turan” hansı zərurətdən yarandı?

- Sizin də xəbəriniz var ki, həmin günlər Azərbaycan üçün ciddi sınaq dövrü idi. Çox çətin günlər keçirirdik. Mənfur düşmənlərimizlə müharibənin qızğın çağı idi. Hamı səfərbər olmuşdu. Müstəqilliyimizi yenicə bərpa etmişdik. Xalqın, el-obanın birliyə ehtiyacı var idi. Ordu yenicə formalaşdırılırdı, hər şeyi sıfırdan başlamalıydıq. Pərakəndəlik hiss olunurdu. Cəbhənin ön xəttində ayrı-ayrı briqadalar, batalyonlar ermənilərə qarşı vuruşurdu. Həssas bir dövr idi. Təxribatçılar xalqın arasında çaşqınlıq salmaq üçün müxtəlif şaiyələr yayırdılar. Deyirdilər ki, Tovuzu tezliklə ermənilər işğal edəcəklər. İstəyirdilər ki, insanlarda qorxu-xof yaransın. Hamı kimi mən də istəyirdim ki, xalqımız üçün, doğma rayonumuz üçün nəsə edim. Xalq qorxmasın, insanlar rahatlaşsınlar. Tovuzun da buna qədər yaxşı futbol ənənələri var idi. Yığışdıq və qərara alıq ki, rayonda peşəkar futbol komandası yaradaq. Bununla da ermənilərdən qorxmadığımızı, Tovuzu tərk etmək fikrində olmadığımızı göstərdik. Futbol ictimaiyyəti də mənə müraciət etdi, bu işə rəhbərlik etməyimisi istədilər. Maddi imkanlarımı da nəzərə aldım və həvəslə işə başladım. Düşmən görməli idi ki, bizim əhval-ruhiyyəmiz yüksəkdir, heç nədən qorxmuruq. Əksinə, rayona böyük futbolu qaytarırıq, iddialı komanda yaradırıq. İlk gündən rayonun futbol adamları ilə birlikdə çalışdıq. AFFA da yeni formalaşdırılırdı. Bakıya gəldik və quruma müraciət etdik ki, yeni futbol klubu yaratmaq istəyirik. Xahiş etdik ki, bizi də çempionata buraxsınlar. Əvvəlcə cavabları o oldu ki, yeni yaranan komandanı çempionata buraxmaq risklidir, sonra işi yarımçıq qoyarıq, təqvim pozular. Amma biz görüşləri, danışıqları davam etdirdik. Onlar da gördülər ki, fikrimizdə ciddiyik, böyük işlər görürük. Söz verdilər ki, Güclülər dəstəsində iştirak edəcəyik. Biz də daha da həvəsləndik, işləri sürətləndirdik. Mən sahibkar kimi ilk addımlarımı atırdım. “İbrahim” kiçik müəssisəsinin rəhbəri idim. “Turan”ın da təsisçisi kimi “İbrahim” kiçik müəssisəsi çıxış edirdi. Qeydiyyata da bu cür alındı. Gələcəkdə bütün maliyyə dəstəyini öz üzərimizə götürdük. Yəni ki, əsas sponsor biz idik. O dövrdə başqa sponsor yox idi. Amma ayrı-ayrı fiziki şəxslər var idi ki, futbolla maraqlanırdılar. Çalışırdılar ki, “Turan”a dəstək versinlər. Bu da pərakəndə formada idi. Komanda evdə oynayanda rayonda əsl futbol bayramı yaşanırdı, hamı stadiona toplaşırdı. Belədə rayonun imkanlı adamları da həminki oyuna konkret mükafatlar təyin edirdilər. Misal üçün, deyirdilər ki, ilk qolu vurana, yaxud ən çox qol vurana mükafat veriləcək. Və yaxud da müdafiəçilərə, qapıçıya etibarlı oyun müqabilində hansısa vədlər olunurdu. Bundan başqa ayrı-ayrı futbolçulara müəyyən vaxtlarda maddi köməkliklər də göstərilirdi.

-Komandanın ilk baş məşqçisi kim idi?

- İlk baş məşqçimiz Əli Əhmədov oldu. “Məhsul” komandasının sabiq qapıçısı idi. Rayondakı futbolçuları çox yaxşı tanıyırdı. Amma Əhmədov baş məşqçi kimi çox az müddətdə çalışdı. Daha sonra bu posta Zahid Hüseynovu gətirdik. Zahid daha məşhurdu. Bir vaxtlar “Neftçi”nin və Gəncə “Dinamo”sunun qapısını qoruyub. İddialarımız artdı, daha yüksək yerlər uğrunda mübarizə aparmağı hədəflədik. Belədə daha təcrübəli məşqçiyə ehtiyac yarandı. Ruslan Abdullayevə dəvət göndərdik, o da bizim dəvətimizi qəbul etdi, “Turan”ı çalışdırmağa başladı. Ondan sonra Kazbek Tuayev də Tovuzda işlədi, bir çox uğurlara birgə imza atdıq.

-“Turan” yaranan kimi iddialı oldu, mükafatçılar sırasına düşməyi bacardı. Bunun sirri nə idi? Ruh yüksəkliyi və təcrübəli futbolçuların cəlb edilməsi, yoxsa çempionatın səviyyəsinin aşağı olması?

- Bilirsiniz, burda müxtəlif səbəblər var. Biz işlərimizi kompleks şəklində qurmuşduq. Planlı şəkildə çalışdıq və qısa müddətdə yaxşı, döyüşkən komanda formalaşdırdıq. Çempionatın səviyyəsinin aşağı olmasından söhbət gedə bilməz. Əksinə, ciddi rəqabət, təcrübəli rəqiblər var idi. Güclü futbolçuları dəvət etdik, yaxşı kollektiv formalaşdırdıq. Bu isə öz təsirini göstərdi. Sizə bir məqamı deyim ki, tanınmış futbolçuların “Turan”a gəlməsi, komandanın uğurlu çıxışı Tovuzda da canlanma yaratdı. Həm insanlar stadiona axışır, komandaya sona qədər dəstək verirdilər. Həm də uşaq futbolu sürətlə inkişaf edirdi, uşaqların futbola marağı artırdı. Səfər oyunlarına gedəndə iki böyük avtobusla gedirdik. Bir avtobus azarkeşləri aparırdı. Bəzən icarəyə də avtobus götürürdük. Azarkeşlər səfərdə də bizi dəstəkləyirdilər. Bütün bunlar da özünü nəticələrdə göstərirdi.

- İstərdik ki, “Fənərbaxça” ilə oyunları xatırlayırsız. O dövrdə bu böyük hadisə idi. Səhv etmiriksə, “Turan”ı Türkiyə səfirliyinə də dəvət etmişdilər...

- Düzgün qeyd etdiniz. Səfərə hazırlaşarkən bizə bildirdilər ki, sizinlə görüşmək istəyirlər. Səfir şəxsən bizi qəbul etdi. Məsləhətləşmələr apardıq. Onlar da püşkün bizi qarşılaşdırmasından çox şad olmuşdular. Elə o görüşdə vurğulandı ki, Azərbaycan çempionunun Türkiyə klubu ilə qarşılaşması əsl futbol bayramıdır və qardaşlıq ab-havasında görüş olacaq. Özümüzə qarşı doğmalıq hiss etdik. Bizim üçün də bu görüş böyük stimul, diqqət nümunəsi idi. İstanbulda olarkən də bu diqqəti özümüzə qarşı daim hiss edirdik.

- Və bu oyundan sonra sanki “Turan” zirvədən enməyə başladı. Yavaş-yavaş nəticələr pisləşdi, komanda zəiflədi. Uzun müddət “Turan” mükafatçılar sırasında kənarda qaldı...

- Mən 2002-ci ildə klubdan ayrıldım. “Turan”ın zəifləməsi heç də səbəbsiz deyildi. Həmin dövrlərdə AFFA bizə qarşı qərəzli mövqe tutmuşdu. Çalışırdılar ki, bizi büdrətsinlər. O vaxtkı AFFA rəhbərliyi istəyirdi ki, klubları nəzarətdə saxlasınlar. Futbolçu transferlərində əsas söz sahibi olmaq üçün bizi özlərindən asılı vəziyyətə salmaq istəyirdilər. İmkan vermirdilər ki, hansısa futbolçu xarici klublara transfer olunsun. Bizim səlahiyyətlərimizə bilavasitə müdaxilə edirdilər. Buna razı olmayanlara qarşı isə təzyiq başlayırdı. Müxtəlif bəhanələr axtarırdılar. Sizə bir əhvalatı danışım. Biz Tovuzda “Kəpəz”i qəbul etməliydik. AFFA israr edirdi ki, oyun doğma meydanımızda keçirilməsin. Təhlükəsizliklə bağlı məsələləri bəhanəyə çevirmişdilər. Mən özüm Bakıdaydım. Oyuna bir gün qalmış Teymur Vəliyev adlı komissarı Tovuza göndərdilər. O vaxt heç bir stadionda azarkeşlərlə stadion arasında mühafizə toru, qoruyucu çəpər yox idi. Eyni zamanda da bizim stadionda belə bir ayrıcı tor quraşdırılmamışdı. Komissara təlimat veriblər ki, Tovuza çatan kimi torun olmaması barədə məlumat versin. Bununla da desinlər ki, azarkeşlər meydana axışa, rəqib futbolçulara və hakimlərə xəsarət yetirə bilərlər. Oyunu təxirə salıb, başqa meydanda keçirmək üçün həmin bəhanənin gəlməsini gözləyirdilər. “Turan”ı doğma azarkeşlərindən ayırmaq, öz meydanından didərgin salmaq istəyirdilər. Bilirdilər ki, başqa cür bizi məğlub edə bilməyəcəklər. Mənə bununla bağlı xəbər çatdı. Gördüm ki, özüm rayona çata bilməyəcəm. Tovuzun icra hakimiyyətinin o vaxtkı başçısı Məhərrəm Məhərrəmova zəng vurdum, məsələdən onu agah etdim. Sağ olsun, rayon camaatını topladı. Daxili imkanlar hesabına bir günün içində həmin tor meydançanın ətrafına çəkildi. Komissar qatardan düşüb, birbaşa stadiona gəlmişdi və gördüklərindən heyrətlənmişdi. Yanında olanlar nəql edir ki, AFFA-ya zəng vurub və mühafizə torunun qurulduğunu deyib. Buna baxmayaraq, AFFA yenə də oyunun yerini dəyişdi. “Kəpəz”lə Sabirabadda oynamalı olduq. Bu hadisə nə birinci idi, nə də sonuncu. “Turan”a qarşı soyuq münasibət ciddi problem idi. Çalışırdılar ki, “Turan” bir daha çempion olmasın.

- Bu cür münasibət sizi futboldan soyutdu?

- Soyutmaq demək olmazdı. Əksinə, mən xeyli mübarizə apardım. 2002-ci ilə qədər futbol ictimaiyyəti yaxşı xatırlayır. Futbolumuzun təşkilatlanmasında xeyli qüsurlar var idi. Sadəcə, Bakıda AFFA-nı yaratmışdılar. Regionlarda sahə futbol federasiyaları yox dərəcəsində idi. Bu işdə Gənclər və İdman Nazirliyi də bizə kömək etdi. Əksər bölgələrdə təşkilatlanmanı həyata keçirdik. Təsis konfransları oldu. Sonra bütün bu regional təşkilatların birgə yığıncağını keçirdik. UEFA və FİFA-ya yekun protokolu göndərdik. Məlumat verdik ki, futbol ictimaiyyətinin böyük əksəriyyəti AFFA-nın işindən kənarda qalıb, strukturlarda təmsil olunmurlar. Bizə törədilən maneçiliklərin qarşısını almaq üçün buna məcbur idik. Sonda da öz məqsədimizə nail olduq. AFFA yenidən quruldu, təşkilatlanma həyata keçirildi, rəhbərlik dəyişdi. Futbolumuzda sağlam mühit yaradıldı.

- Son vaxtlar “Turan”ın adı elita iştirakçıları arasında səslənmir. Tez-tez deyilir ki, tovuzlu iş adamları “Turan”a diqqət göstərmirlər, maliyyə ayırmaq istəmirlər. Siz necə düşünürsünüz, “Turan”ın yenidən əvvəlki əzəmətinə qayıtması üçün nə çatmır?

- Əslində, mən bu dəqiqə futboldan uzaqlaşmışam. Komandanın daxilində baş verənlərdən xəbərsizəm. Amma reallıqları hamımız bilirik. Hazırkı şəraitdə bir nəfərin klub sahibi olması, onu təkbaşına maliyyələşdirməsi mümkünsüzdür. Artıq bizim futbolumuzda şərtlər çox dəyişilib, futbol böyük xərclər tələb edir. Bu işin içində mən də olmuşam. Ya həddindən artıq imkanlı şəxs olmalıdı, ya da klub ümumi səhmdarların idarəçiliyinə verilməlidir. Futbol klubu səhmdar cəmiyyətə çevrilməlidir. 3-5 nəfər yox, minlərlə adam bir klubun sahibi olmalı, onun idarəçiliyinə cəlb edilməlidi. Fikirləşirəm ki, yalnız belə olan halda həmin o böyük xərcləri qarşılamaq mümkündür. Ancaq işlərin belə təşkil olunacağı halda “Turan”ın, yaxud da digər hansısa komandanın dirçəlməsini görə bilərik. Futbolumuza uğurlar arzulayıram. İstərdim ki, “Qarabağ”ın uğurları davamlı olsun, böyük təkana çevrilsin. Digər klublarımız da bu yolun davamçısı olsun.

Vidadi Əhmədovla söhbəti bu arzuyla yekunlaşdırdıq. Hiss etmək çətin deyildi ki, “Turan”ın bu gün düşdüyü vəziyyət onu da narahat edir. Kim bilir, bəlkə bir gün “Turan” yenidən köhnə günlərinə qayıtdı. Özü də elə Vidadi Əhmədovla birlikdə...

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir