"Altay Bayındır bizim qəhrəmanımızdır"

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim qapıçı Altay Bayındırla bağlı fikrini açıqlayıb.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis türk qolkiperin "Arsenal"la oyundakı çıxışını yüksək qiymətləndirib.

O, İngiltərə Kubokunun 1/32 finalında penaltini dəf etməklə komandasını qələbəyə ümidləndirən qapıçını qəhrəman adlandırıb.

"Altayın "Tottenhem"ə qarşı da çətin oyunu olmuşdu. Buna baxmayaraq, məşqlərdə səylə çalışırdı və bu gün o, bizim qəhrəmanımızdır", - deyə Amorim klubun rəsmi səhifəsində açıqlamasında bildirib.

Qeyd edək ki, əsas vaxtı 1-1 hesabı ilə bitən oyunda "Arsenal"ı penalti seriyasında üstələyən "Mançester Yunayted" 1/16 finalda "Lester"lə qarşılaşacaq.