Aqolli millimizə dəvət olunub
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin köməkçilərindən biri müəyyənləşib.
Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis Albaniya millisindən yaxşı tanıdığı, "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini də milliyə gətirir.
Hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən 38 yaşlı müdafiəçinin məşqçilər korpusunda olacağı gözlənilir.
Aqolli bir müddət, o cümlədən 2016-cı il Avropa çempionatı qarşılaşmalarında Albaniya millisinin kapitanı olub.
Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.
AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.