Atletlərimiz Türkiyədə çıxışı başa vurublar

Türkiyənin Qaziantep şəhərində keçirilən, ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb.

Sportline.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda, 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edib. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxıblar.

Dünən millimizin üzvlərindən Füqan Əliyev mübarizəyə qoşulub. O, kişilərdə 81 kq çəki dərəcəsində yarışıb. Gənc atletimiz toplam 291 kq (131+160) nəticə ilə bu çəkidə 5-ci yeri tutub.

Yığmamızdan son olaraq bu gün Tarmenxan Babayev qüvvəsini sınayıb. O, kişilərdə 96 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 313 kq (143+170) nəticə ilə 7-ci yeri tutub.