Avrokuboklar nə vaxt bərpa olunacaq?

Koronavius pandemiyası səbəbindən təxirə salınan avrokuboklarda mövsümün qalan hissəsinin təqvimi məlum olub.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, həm Çempionlar Liqası (ÇL), həm də Avropa Liqası (AL) avqustun 5-dən tez bərpa olunmayacaq.

ÇL-in 1/8 final mərhələsi çərçivəsindəki cavab oyunlarında İspaniya "Barselona"sı "Napoli"ni (İtaliya) "Nou Kamp"da, İngiltərənin "Mançester Siti" komandası isə "Real Madrid"i (İspaniya) doğma "Etihad" stadionunda qəbul edəcək.

Qitənin 1 nömrəli klub turnirində 1/4 final mərhələsindən etibarən qarşılaşmalar Lissabonda keçiriləcək və 1 oyundan ibarət olacaq. Bu mərhələnin oyunları 2 gün ərzində başa çatdırılacaq. Yarımfinal görüşləri avqustun 19-da, final isə 23-də olacaq.

Avropa Liqası avqustun 6-da bərpa olunacaq. 1/8 final mərhələsinin cavab oyunları 9-10 avqust tarixlərində oynanılacaq. Turnirin 1/4 final mərhələsi isə avqustun 15-də Almaniyada start götürəcək və "8-lər finalı" formatında keçiriləcək.

Qeyd edək ki, avrokubokların dəqiq tarixi, yeri və formatı ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin iyulun 17 və 18-də keçiriləcək iclasında qəbul olunacaq.