Avropa çempionatı: Azərbaycanın beş sərbəst güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın bu gün mübarizəyə qoşulan sərbəst güləşçilərinin hamısı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəliblər.

Sportline.az xəbər verir ki, 57 kq-da Nurəddin Novruzov, 65 kq-da Rəşid Babazadə, 70 kq-da Maqomed-Başir Xaniyev, 79 kq-da Səbuhi Əmiraslanov, 97 kq-da İslam İlyasov bu raundadək irəliləyə bilib.

Novruzov finala gedən yolda türkiyəli Tolqa Özbeklə, Babazadə onun həmyerlisi Hamza Zopalı ilə, Xaniyev gürcüstanlı Davit Patsinaşvili ilə, Əmiraslanov yunanıstanlı Georgios Kuqiumtsidislə, İlyasov macarıstanlı Riçard Veqlə güləşəcək.

Qadınların yarışında 57 kq-dakı Jalə Əliyeva təsəlliverici qarşılaşmada bolqarıstanlı Nazife Tairə qalib gəlib. Əliyeva bürünc medal görüşündə italiyalı Auroro Russo ilə üz-üzə gələcək.

Bu gün, həmçinin, Birgül Soltanova (65 kq) finalda Amina Kapezanı (Rumıniya) sınağa çəkəcək. Gültəkin Şirinova (53 kq) bürünc medal uğrunda görüşdə Mariana Draqatun (Moldova) - Çadiya Ayaçi (Fransa) duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) bürünc medala yiyələnib.