Avropa çempionatında bürünc medal

Rumıniyanın paytaxtı Buxarestdə, yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Sportline.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa, 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) qatılıb. Medallar uğrunda mübarizəyə Azərbaycan seçmə komandasının üzvləri də qoşulurlar.

İdmançımız Səbinə Əzimova yaşı 20-yə qədər olan atletlərin 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

O, birdən qaldırma hərəkətində 80 kq nəticə ilə 5-ci olub.

Səbinə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 105 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.

Toplam 185 kq (80+105) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yeri tutub.