Avropa çempionu olan millimizin qarşılanma mərasimi keçirildi

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında tarixi uğura imza atan sərbəst güləş üzrə milli komanda vətənə qayıdıb.

Sportline.az xəbər verir ki, 6 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, güləş ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Xatırladaq ki, AÇ-də Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) qızıl, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə bürünc medal qazanıb.