Avropa çempionumuzun olimpiada hədəfləri

Qarşıdan gələn Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılardan biri də Nazim Babayevdir.

Üç təkanla tullanma üzrə Avropa çempionu Sportline.az saytına açıqlamasında mötəbər yarışa böyük həvəs və məsuliyyətlə hazırlaşdığını bildirib: "Hazırlıq prosesi qaydasında davam edir. Bir az yüngül zədəm var. Amma onun öhdəsindən gələcəyimə inanıram. Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı səmərəli keçdi. Həm fiziki, həm də, texniki çalışmalar üzərində işlədik. Çatışmazlıqları aradan qaldırmağa çalışdıq. İndi isə Bakıda hazırlığımızı davam etdiririk. Olimpiadayadək hazırlığın pik formasına çatacağıma inanıram".

Qeyd edək ki, yeniyetmələr və böyüklər arasında Avropa çempionu adına layiq görülən atletin ən yüksək göstəricisi 17.04 metrdir. 

Nazim Babayevin şəxsi məşqçisi Ziyad Xəlfəyev hədəflərinin Tokio 2020-də bu nəticəni 17.50 metrə çatdırmaq olduğunu deyib. 

Tokio Yay Olimpiya Olyunlarına iyulun 23-də start veriləcək.