Avropanın ən yaxşı idmançısı müəyyənləşib

2021-ci ildə Avropanın ən yaxşı idmançısı müəyyənləşib.

Sportline.az xəbər verir ki, Polşa Mətbuat Agentliyinin (PAP) keçirdiyi sorğuda dünya tennisinin lideri Novak Cokoviç birinci yeri tutub. Serbiyalı raketka ustası 172 xal toplayaraq, ən yaxın izləyicisi Robert Levandovskini 39 xal qabaqlayıb. Üçüncü yeri isə 125 xalla "Red Bull" komandasının niderlandlı pilotu, "Formula 1" üzrə dünya çempionu Maks Ferstappen tutub.

Beləliklə, Cokoviç PAP-ın sorğusunda dördüncü dəfə qalib adını qazanıb. Daha əvvəl o, 2011, 2015 və 2018-ci illərdə bütün rəqiblərini üstələməyi bacarıb. Bu il 34 yaşlı tennisçi Böyük Dəbilqə seriyalı turnirlərdən "Australian Open", "Roland Garros" və "Wimbledon"un qalibi olub.

Qeyd edək ki, 64-cü ildir aparılan sorğuya bu dəfə qitənin 26 agentliyi qatılıb. Azərbaycanı ardıcıl üçüncü il "Report" İnformasiya Agentliyi təmsil edib. Respondentlər sorğuya cavab olaraq, Avropanın ümumilikdə 10 kişi və qadın idmançısının adını göstəriblər.