Azad Əskərov Moskvadakı qalmaqala münasibət bildirdi

Moskvada keçirilən OFS versiyası üzrə qaydasız döyüş yarışında yaşananlar ölkə ictimaiyyətinin narazılığına səbəb olub. Azərbaycan Pankration Qraplinq və MMA Federasiyasının prezidenti Azad Əskərov məsələ ilə bağlı SportLine.az saytına açıqlama verib. Məlum hadisədən narahatlığını gizlətməyən Əskərov: “Moskvadakı yarışda baş verənlərin bizim federasiyaya heç bir aidiyyatı yoxdur. Bu idmançının da adını ilk dəfədir eşidirəm. Əlbəttə ki çox pis yanaşırıq bu cür hallara. Hal hazırda bu yarışı kimin təşkil etdiyini, bu idmançının hansı kulub adından iştirak etdiyini araşdırıram? Əgər bu idmançı Azərbaycan adından iştirak edirsə, niyə Azərbaycan MMA Federasiyasına xəbər verilməyib? Görünür, hansısa tanınmayan klublar adından yarışa çıxıb. Bununla belə, yenə də, aydınlıq gətirməyə çalışıram. Çünki, bu təxribat da ola bilər. Hər yerindən duran Azərbaycan adından yarışlarda iştirak edə bilməz. Siz görduyünüz kimi orda qondarma Dağlıq Qarabağın bayrağı rinqə çıxarılır. Bu da, yarışı keçirən təşkilatın , qurumun çox böyük səhfidir. Belə halda ordakı Azərbaycan təmsilçıləri təşkilatçılara etirazlarını bildirməli idilər. 
Mən bu məsələni hal hazırda araşdırıram” – deyib. 

Xatırladaq ki, Moskvada keçirilən OFS versiyası üzrə qaydasız döyüş yarışında Azərbaycanı təmsil edən Rüstəm Murtazov erməni Albert Qazaryana məğlub olub. Təltifetmə mərasimində Qazaryan Dağlıq Qarabağdakı qondarma rejimin bayrağını nümayiş etdirib.