Azərbaycan birinciliyinə yekun vuruldu
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Veloparkda və Bakı Olimpiya Stadionu ətrafındakı yollarda çoxgünlük ötüşmələr üzrə Açıq Azərbaycan çempionatı keçirilib. 3 gün davam edən yarışda Gürcüstan və Rusiya Federasiyası velosipedçiləri də iştirak edib.
3 mərhələnin yekununa əsasən, gənclər kateqoriyasında 1-ci yerə yığma komandamızın üzvü Kərim Şirəliyev layıq görülüb – o 1-ci mərhələni 1-ci, 2-ci və 3-cü mərhələləri isə 2-ci sırada tamamlayıb. İlk yarış günündə finiş xəttini 2-ci, sonrakı günlərdə isə 1-ci keçən yığmamızın digər üzvü İvan Orlov ümumi təsnifatda Kərimdən 24 saniyə geri qalmaqla 2-ci yeri tutub. İlk üçlüyü isə Rusiya federasiyasından gəlmiş Telman Vəliyev tamamlayıb.
2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında qalib adını Qadir Mustafayev qazanıb – o ilk mərhələdə 7-ci, 2-cidə isə 3-cü olsa da, sonuncu yarış günündə geriliyi aradan qaldırmağa müvəffəq olub və fəxri kürsünün ən yüksək piləsinə qalxıb. Nəcəf Bağırov ilk 2 mərhələdə 1-ci nəticə göstərməsinə rəğmən, sonuncu yarış günündə liderliyi Qadirə təhvil verib və ümumi təsnifatda 2-ci yeri tutub. Gürcüstan yığma komandasının üzvü Avtandi Piranaşvili isə Açıq Azərbaycan birinciliyinin bürünc medalına layiq görülüb. Fərqlənən idmançılar medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.