"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışında dördüncü mərhələnin qalibi bilindi
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi bəlli olub.
Sportline.az xəbər verir ki, italiyalı Marko Manenti bütün rəqiblərini qabaqlayaraq 152,7 kilometr məsafəni birinci başa vurub.
İtaliyanın "Bardiani" komandasının üzvü bu məsafəni 3 saat 11 dəqiqə 46 saniyəyə qət edib. "Astana"dan Henok Mulubrhan ikinci, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") üçüncü yeri tutub.
İlk etapda Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, ikincidə isə "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov, üçüncü mərhələdə digər "Astana"lı, rusiyalı Qleb Suritsa qalib olub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur.
Yarışa mayın 14-də Xankəndi şəhərində yekun vurulacaq.