“Mançester Yunayted” yeni baş məşqçi üçün 9 milyon avro ödəyəcək

“Mançester Yunayted” baş məşqçi dəyişikliyinə gedib. Premyer Liqada turnir cədvəlinin 18-ci pilləsində qərarlaşan komandanın hazırkı vəziyyəti rəhbərliyi qane etmir. “Qırmızı şeytanlar” bu gün Maykl Karriklə yollarını ayırdıqlarını açıqlayıblar.

Sportline.az "Sky” telekanalına istinadən xəbər verir ki, “Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino olacaq. Tərəflər arasında şifahi razılıq əldə olunub və bu anlaşma yüz faiz təmin edilmiş hesab olunur. Bununla belə, müqavilənin müddəti hələlik məlum deyil.

İngiltərə klubu argentinalı mütəxəssisin müqaviləsindəki 9 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək. Hazırda ABŞ millisini çalışdıran Poçettino yığmaların oyunları ilə bağlı fasilədən sonra “Mançester Yunayted”ə rəhbərlik edəcək.

Poçettino İngiltərədə daha əvvəl “Sauthempton”, “Tottenhem” və “Çelsi” komandalarını çalışdırıb.