Azərbaycan çempionatının reqlamenti dəyişdirilib
Voleybol üzrə Azərbaycan Yüksək Liqalarının 2022/2023 mövsümündə reqlamenti dəyişdirilib.
Azərbaycan Voleybol Federasiyasından (AVF) Sportline.az saytına verilən məlumata görə, qurumun klub nümayəndələri ilə keçirilən görüşündə Yüksək Liqanın əsasnaməsinə əlavə və dəyişikliklər olunduğu bildirilib.
Klubların da razılığına əsasən, çempionat nəzərdə tutulduğu kimi altı yox, dörd dövrədən ibarət olacaq və qalib pley-off mərhələsində müəyyən ediləcək.
Voleybol Mərkəzində təşkil olunan görüşdə çıxış edən qurumun vitse-prezidenti Əbülfəz Hüseynov bu dəyişikliyin səbəbini izah edib: “Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” olduğundan, federasiya ilin tədbirlər planına bəzi əlavə və dəyişikliklər edib. Mart, aprel və mayda müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan turnir və yarışlarımızı keçirəcəyik. Bütün bunları nəzərə alaraq, Yüksək Liqa yarışlarının əsasnaməsinə bəzi əlavələr edilib. Belə ki, həm kişi, həm də qadın voleybolçular arasında keçirilən Yüksək Liqa yarışlarında komandalar dörd dövrədən ibarət olamaqla mübarizə aparacaq və qalib pley-off mərhələsində müəyyən olunacaq. Dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçün yeri tutan klubla üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq”.
Federasiyanın baş katibi Fərid Xəlilov isə qeyd edib ki, əsasnaməyə edilən dəyişikliklər ölkə çempionatının gərginliyini və marağını daha da artıracaq. Onun sözlərinə görə, qarşıda klubları maraqlı yarış və turnirlər gözləyir. Həmin yarışlarda iştirak edəcək komandaların sayı Yüksək Liqa ilə müqayisədə çox olacaq. Xəlilov vurğulayıb ki, bu yarışlarda I Liqa komandalarının da iştirakı planlaşdırılır.