Azərbaycan çempionundan yeni transfer

Futzal üzrə UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Araz-Naxçıvan" heyətini yeni oyunçu ilə gücləndirib.

Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətindən Sportline.az saytına verilən məlumata görə, ölkə çempionu son olaraq “Neftçi” İK-da çıxış edən Oktay Rüstəmlini heyətinə cəlb edib.

28 yaşlı futzalçının müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.