Azərbaycan çempionuna təkliflər var

Futzal üzrə Yüksək Liqanın 2021/22 mövsümünün ən yaxşı oyunçusu seçilən “Araz”ın (Naxçıvan) kapitanı Rizvan Fərzəliyev təkçə oyunu ilə deyil, həm də davranışı ilə bu mükafata layiq olduğunu təsdiqlədi. Sportline.az xəbər verir ki, mükafat kolleksiyasını zənginləşdirən təcrübəli futzalçı federasiyanın rəsmi saytına açıqlama verib:

“Son çempionat əvvəlkilərdən bir qədər fərqli keçdi. 8 komanda ilə başladıq, yaxşı start götürdük və tempi sona qədər qoruduq. Pley-offda “Baku Fire” komandası ilə 2 matç keçirdik, böyükhesablı qələbələrlə finala adladıq. Həlledici matçda EKOL-la gücümüzü sınadıq. Məncə, rəqibimiz EKOL da öz növbəsində “Neftçi” İK üzərində layiqli qələbələr qazandı və finalda oynamaq hüququ qazandı. Əsas problem EKOL-un pley-off görüşlərindən itkilərlə çıxmasında idi. Onların 3 əsas üzvü cəzalı duruma düşdüyünə görə, final görüşünü kənardan izlədi. Bu da “Araz”ın işini asanlaşdırdı və çempion olduq.

Çempionatda ən çətin oyunumuz əsas mərhələdə EKOL-la son duelimiz oldu. Həmin görüşdə qələbəni EKOL qazandı. Qırmızı vərəqə aldıq, azlıqda qaldıq və rəqibimiz bundan maksimum istifadə etdi. “Baku Fire” ilə görüşümüz də fərqli alındı. İstədiyimiz oyunu nümayiş etdirə bilmədik, əsəblər tarıma çəkildi və yekunda xallar itirdi. “Neftçi” İK-nı da qeyd etmək istərdim. Onlar da pley-off-da oynamağa layiq idilər.  

Bu çempionluq mənim üçün uğurlu oldu. Mövsümün ən yaxşı oyunçusu seçildim. Təbii ki, bu uğuru komandanda yoldaşlarımın, məşqçi heyətinin və öz əziyyətim hesabına qazandım. Çalışmışam hər zaman həm oyunum, həm də meydandankənar davranışım ilə nümunə olum.

Karyeramla bağlı qəti qərarımı yaxın günlərdə açıqlayacam. Hazırda bu istiqamətdə rəhbərliklə danışıqlar gedir. Başqa təkliflər var. Götür-qoy edəcəm, rəhbərliyin qərarından sonra yekunda xeyirli olan bir qərarın üzərində dayanacam. Detallar barədə indi nəsə demək istəmirəm, bir az səbirli olaq”.