Azərbaycan kikboksunda ilk dəfə

Azərbaycan Kikboksinq Federasiyasının 28 idmançı ilə yollandığı İtaliyanın Yesolo şəhərindəki WAKO üzrə dünya çempionatı başa çatıb.

Sportline.az xəbər verir ki, milli komandanın kapitanı, 75 kq çəkidə Lou-kik versiyasında Ramal Aslanov final görüşünə çıxıb. Rəqibinə ardıcıl zərbələr endirib yerə yıxmasına baxmayaraq hakimlər qələbəni digər idmançıya veriblər.

Digər nəticələrə gəlincə, Lou-kikdə Anar Məmmədov və veteranlar arasında Kik-laytda Eduard Məmmədov bütün rəqiblərini məğlub edərək dünya çempionu olub.

Gümüş medalları Full-kontaktda Camal Məmmədov, Lou-kikdə isə Rəhim Əliyev və Qəşəm Məmmədov qazanıb. Dünya çempionu, əməkdar məşqçi Fuad Zeynalovun tələbəsi olan Qəşəm Məmmədov böyüklərin dünya çempionatında gümüş medal qazanan ilk gənc kikboksçu kimi tarixə düşüb.

Digər 5 medalın əyarı isə bürünc olub. Lou-kik versiyasında Elcan Alkişiyev, Ayxan Məmmədzadə, Kik-layt kateqoriyasında Məhəmməd İmanov,  K-1-də Əsgər Rəhimov yarışı 3-cü pillədə bitirib. Həmçinin veteranlar arasında Kik-layt versiyasında Emin Abdullayev bürünc medal əldə edib.

Lisenziya xarakterli dünya çempionatında kikboksun K-1 versiyasında 3 çəki dərəcəsində 1/4 final mərhələsinə yüksələn idmançılar gələn il Amerika Birləşmiş Ştatlarının Birminqem şəhərində keçiriləcək Dünya Oyunlarına vəsiqə əldə edəcəklər.