Azərbaycan millisinin baş məşqçisi: "Haiti çox yaxşı, keyfiyyətli komandadır"

"Haiti çox yaxşı, keyfiyyətli komandadır, zəif rəqib deyil".

Sportline.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qarşılaşacaqları komandalar barədə müzakirələr aparıldığını və sonra qərar verildiyini söyləyib:

"Haiti millisi FIFA reytinqində bizdən 30 pillə irəlidədir. Qələbə qazanmaq üçün rəqib seçsəydik, daha zəif kollektivlə üz-üzə gələrdik. Azarkeşlərimizə qalibiyyət bəxş etmək istəyirik. Amma indi rəqib seçəndə bunu düşünmürük. Gələcəyin milli komandasını formalaşdırırıq".

Santuş futbolçulara toplanış müddətində oruc tutmağa icazə veriləcəyini diqqətə çatdırıb:

"Mən bunlara hörmətlə yanaşıram. Mövcud duruma görə də məşq saatlarını seçəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarusla yoldaşlıq oyunları keçirəcək.