Azərbaycan Premyer Liqası: "Araz Naxçıvan"dan ardıcıl 4-cü qələbə

Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib.

Sportline.az xəbər verir ki, turun açılış oyununda "Araz Naxçıvan" ilə "Səbail" üz üzə gəlib.

"Kapital Bank Arena"da keçirilən görüşdə Naxçıvan təmsilçisi 3:2  hesablı ilə qələbə qazanıb.

Baxmayaraq ki, görüşdə hesabı qonaqlar açıb. İlk hissənin sonuna əlavə olunan 2-ci dəqiədə Qorka Laruçça fərqlənib. İkinci yarıda geri dönüş edən Elmar Baxşıyevin rəhbərlik etdiyi klub 52-ci dəqiqədə Bəxtiyar Həsənalızadə ilə "status kvo"nu bərpa edib. 5 dəqiqə sonra Felipe Santos əyalət təmsilçisini hesabda önə çıxarıb. 84-cü dəqiqədə Bernardo Diaş "Araz-Naxçıvan"ın üstünlüyünü bir qədər də möhkəmləndirib. Qarşılaşmada yekun hesabı isə "dənizçilər"in heyətində final fitinə 1 dəqiqə qalmış dubl müəllifi olan Qorka Laruçça müəyyənləşdirib.

Bu nəticənin ardından liqada ardıcıl 4-cü qələbəsini qazanan "Araz-Naxçıvan" xallarının sayını 16-ya çatdırıb.

Qeyd edək ki, turun digər matçları sentyabrın 28-29-da keçiriləcək.