Azərbaycan təmsilçisi Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu olub
Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi üzrə yarışlarında daha bir qızıl medal qazanıb.
Bu barədə Sportline.az-a Milli Olimpiya Komitəsindən bildirilib.
Komandanın üzvü Elgün Kərimli (90 kq) final görüşündə Gürcüstan təmsilçisi Nuradin Mustafayevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
B qrupunda mübarizə aparan idmançı qrup mərhələsində keçirdiyi hər üç görüşü qələbə ilə başa vurub. E.Kərimli əvvəlcə Moldova təmsilçisi Artyom Kakeanı və Mərakeş idmançısı Nour Qannamı, sonuncu görüşündə isə Braziliya təmsilçisi Allan Smit de Souza Beserranı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Seneqal təmsilçisi Ablaye Diufu mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib.
Beləliklə, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi üzrə yarışları 3 medalla başa vurub. Təmsilçilərimizdən daha əvvəl Tunar Quliyev (70 kq) qızıl, Nihad Süleymanlı (80 kq) gümüş medal qazanıb. Günel Kərimli (55 kq) isə Oyunları beşinci pillədə tamamlayıb.