Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı qərar verildi

AFFA İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında iclası keçirilib.

Sportline.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqası və ölkə kubokunun aqibətinə aydınlıq gətirilib.

COVID-19 qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış, iyunun 21-də bərpa olunması nəzərdə tutulan çempionat oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko da çıxış ediblər.

Ardınca İK-in bütün üzvləri qeyd olunan məsələ haqqında fikirlərini səsləndiriblər. Aparılmış müzakirələrdən sonra COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku dayandırılıb.

Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib (11 səs lehinə, 1 səs əleyhinə).

20 turdan sonra 45 xalla zirvədə yer alan "Qarabağ" çempion elan olunub. Ağdam klubu 2020/2021 mövsümündə Azərbaycanı Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında təmsil edəcək.

"Qarabağ" ardıcıl 7-ci, ümumilikdə 8-ci dəfə çem

pionluq əldə edib. "Sumqayıt" isə tarixdə ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ qazanıb. 

Qeyd edək ki, İK daha əvvəl Premyer Liqanın iyunun 21-də bərpa olunacağını açıqlamışdı.