Azərbaycan Superliqasında təxirə salınan oyunların vaxtı açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında təxirə salınan matçların vaxtları və keçirilmə yeri dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən Sportline.az-a verilən məlumata görə, yanvarın 14-də hava şəraiti ilə bağlı keçirilməyən I dövrənin II turunun oyunları yanvarın 25-də baş tutacaq.

Günün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Oyun saat 16:00-da başlayacaq.

Liderlərin duelindən 2 saat sonra UNEC – “Murov” oyununa start veriləcək. Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.